Lənkəranda turistlərin ən çox üz tutduğu məkanlardan biri də hazırda Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyət göstərən, tarixi mədəniyyət abidəsi olan Xan evidir. Lənkəranın ilk çoxmərtəbəli tarixi binasını bu yay xeyli əcnəbi turist ziyarət edib. 32 nəfərlik ispaniyalı turist heyəti muzeydə sərgilənən eksponatlarla böyük maraqla tanış olub.

Lənkəran xanları nəslindən Mirəhməd xan bu sarayı 1913-cü ildə tikdirib. Binanın layihəsi fransalı memar tərəfindən hazırlanıb, həm Qərb, həm də Şərq memarlıq elementlərini özündə birləşdirir.

İspaniyalı turist Pakio Simo ilk dəfədir Azərbaycana səfər edir. Bakıda Şirvanşahlar sarayını və Qız qalasını ziyarət edən qonaq deyib: “Biz, həmçinin Qobustan muzeyində də olmuşuq. Cənub bölgəsi, xüsusilə Lənkəran muzeyindəki qədim əşyalar da maraqlıdır. Milli geyimlər, məişət əşyaları hamısı keçmiş dövr haqqında fikir oyadır. Bütün bunlar bizdə xoş təəssürat yaradır”.

Marivel Qanderes: “İspaniyadan bura qrup şəklində gəlmişik. Bakı çox xoşuma gəldi. Öyrəndik ki, Lənkəran ölkənizin cənubunda, İranla sərhəddə yerləşir. Burada eksponatların hər birinə baxdıq. Muzey haqqında bizə maraqlı məlumatlar verildi. Bu haqda biz də öz ölkəmizdə dostlarımıza danışacağıq”.

Muzeyin fond müdiri İlham Quliyev deyib: “İl ərzində yerli turistlərlə yanaşı, xarici qonaqlar da muzeyimizi ziyarət edirlər. Cənub bölgəsinin etnoqrafiyası və milli folklorumuz, mətbəximizə aid nümunələr, bəzək və məişətdə istifadə olunmuş əşyalar onların diqqətini cəlb edir”.

Bu ilin 8 ayında Lənkəran Tarix-Diyarşünaslıq Muzeyini 19 mindən çox turist ziyarət edib. Onların 908 nəfəri xarici turistlərdir.