May ayının sonlarında start verilən “Azərbaycanın 7 möcüzəsi” layihəsi davam etməkdədir. İDEA İctimai Birliyi və “Nature and History Production”ın birgə dəstəyi ilə reallaşan layihənin məqsədi milli mədəni və tarixi irsimizi qorumaq, Azərbaycan tarixinin mübahisəli və təhrifedilmiş faktlarını dövrün tarixi abidələri fonunda öyrənərək araşdırmaq, ölkəmizin ərazisində yerləşən tarixi, mədəni və təbii obyektlərin tanıdılmasına, qorunmasına və bərpa edilməsinə diqqət yönəltməkdir.
“Azərbaycanın 7 möcüzəsi” layihəsi ölkə daxilində və xaricdə Azərbaycanın tarixi, mədəni və təbii incilərini tanıtmaqla yerli və xarici turizmin, eləcə də həmin ərazilərdəki infrastrukturun inkişafına təkan verməyi qarşıya məqsəd qoyub.
Layihə üzrə foto və videogörüntüləri çəkilən abidələr haqqında məlumatlar yeddi.az saytına yerləşdirilir. Saytda “Azərbaycanın 7 möcüzəsi” layihəsinin səsverməsi də keçirilir. Səsvermə oktyabrın 18-də başa çatacaq.
Bu günlərdə layihə çərçivəsində Möminə xatın türbəsi, Əshabi-kəhf ziyarətgahı, Naxçıvanqala, Duzdağ Fizioterapiya Mərkəzi, Əlincəqala, Haçadağ, Xanəgah abidə kompleksi, Qarabağlar türbə kompleksi, Gülüstan türbəsi, Gəmiqaya, Cəlilkənd buzxanası və s. məkanlarda çəkilişlər aparılıb, tarixi və memarlıq abidələri “Azərbaycanın 7 möcüzəsi” seçimlərinə daxil edilib.
Layihənin yaradıcı direktoru Elnur Talıblı bildirib ki, keçirilən internet-səsvermə ilə Azərbaycanın 7 möcüzəsi seçiləcək. Seçilən həmin abidələr Azərbaycanın 7 möcüzəsi kimi tarixdə qalacaq.
Layihənin baş prodüseri İslam Əhmədov diqqətə çatdırıb ki, yeddi.az saytında “Öz möcüzəni əlavə et” bölməsi də var. Hər bir şəxs möcüzə hesab etdiyi bir abidəni əlavə edə bilər. Bundan başqa, yeddi.az saytında hər kəs 7 möcüzəyə səs verə bilər. İlk 25-likdə olan abidə finala vəsiqə alacaq və onların hər biri haqqında film və televiziya verilişləri hazırlanıb ictimaiyyətə təqdim olunacaq.