AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Musiqi və teatr şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əli Qəhrəmanovun “Təbriz teatrı və Böyükxan Naxçıvanski” adlı monoqrafiyası işıq üzü görüb.
Monoqrafiyada Təbriz teatrı haqqında aşkara çıxarılan yeni tarixi faktlar tədqiqata cəlb edilib. Bu mədəniyyət ocağının görkəmli aktyor və rejissorları barədə məlumat verilib, Təbrizdə teatr dəstələrinin yaranması və fəaliyyətindən bəhs olunub.
Yeni nəşrdə tanınmış mədəniyyət xadimi, teatr fədaisi Böyükxan Naxçıvanskinin keşməkeşli ömür və sənət yoluna nəzər salınıb, onun Təbriz teatrının inkişafındakı səmərəli fəaliyyəti işıqlandırılıb. Sənətkarın quruluş verdiyi tamaşaların və oynadığı obrazların əsas məqsəd və qayəsinin maarifçilik ideyalarının xalq arasında təbliği olduğu göstərilib.
Naxçıvanın teatr xadimlərinin ötən əsrin əvvəllərindəki fəaliyyətini tədqiq edən müəllif monoqrafiyada həmin dövrün teatr proseslərinə dair əhəmiyyətli arxiv materiallarını oxucuların ixtiyarına verir. Nəşrdə tədqiqatçı tərəfindən aşkar olunmuş nadir fotoşəkillər də əksini tapıb.