Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi, Xalq rəssamı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Tahir Tahirov 2019-cu il sentyabr ayının 12-də ömrünün 72-ci ilində vəfat edib.
Tahir Tahirov 30 may 1948-ci ildə Bakı şəhərində anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rəssamlıq fakültəsini bitirib.
Milli rəssamlığımızın zəngin ənənələrini öz uzunillik yaradıcılığında əks etdirən Tahir Tahirov təsviri sənətimizin inkişafı yolunda yorulmadan çalışan bənzərsiz rəssam idi. Bir çox teatr tamaşalarının mahir quruluşçu rəssamı kimi də böyük şöhrət qazanıb. C.Verdinin “Traviata”, C.Rossininin “Sevilya bərbəri”, R.Leonkavallonun “Payatsı”, F.Əmirovun “Sevil” operaları, P.Çaykovskinin “Romeo və Cülyetta”, Q.Qarayevin “Don Kixot”, “Leyli və Məcnun”, T.Bakıxanovun “Xəzər balladası” balet tamaşalarına, A.N.Ostrovskinin “Müdriklər”, İ.Əfəndiyevin “Büllur sarayda”, C.Cabbarlının “Od gəlini”, “Aydın”, S.Vurğunun “Fərhad və Şirin”, N.Həsənzadənin “Pompeyin Qafqaza yürüşü”, H.Orucovun “Bu dünyanın adamları”, B.Vahabzadənin “Cəzasız günah”, Elçinin “Poçt şöbəsində xəyal”, H.Həsənovun “Brüsseldən məktublar” və s. tamaşalara, habelə bir çox dövlət əhəmiyyətli tədbirlərə, yubiley mərasimlərinə uğurlu səhnə tərtibatı verib. Rəssamın məşhur opera və balet tamaşaları üçün böyük ustalıqla yaratdığı səhnə geyimlərinin eskizləri də Azərbaycan təsviri sənətinə şöhrət qazandırıb və bir sənətkar kimi doğma Vətəninə sonsuz məhəbbətin təzahürünə çevrilib.
Tahir Tahirovun yaradıcılığı Azərbaycan təsviri sənətinin qiymətli nümunəsi kimi milli mədəniyyətimizin təbliğinə xidmət edib. Onun fəaliyyəti hər zaman Azərbaycan dövlətinin diqqətində olub. 2002-ci ildə Əməkdar rəssam, 2013-cü ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülməsi bunun bariz nümunəsidir.
Tahir Tahirovun əziz xatirəsi bütün sənətsevərlərin qəlbində əbədi yaşayacaq.
Allah rəhmət eləsin.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi