Dənizkənarı Milli Parkda “Nargis” Nəşriyyat Evinin “Make the Earth Smile” “resaykling” (təkrar emal) sərgisi açılıb. Sentyabrın 9-da açılışı keçirilən sərgi ətraf mühitin qorunması probleminə həsr edilib. Açılışa Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA-nın (“Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq” İctimai Birliyi) təsisçisi Leyla Əliyeva, xarici ölkələrin Azərbaycandakı səfirliklərindən nümayəndələr, rəsmilər, sənətkarlar, layihəyə tərəfdaş şirkətlərin təmsilçiləri qatılıblar.
Layihə çərçivəsində səkkiz heykəltəraş müxtəlif istehsalat tullantılarından qurulmuş 13 instalyasiya təqdim olunub. Sərgi “Nargis” jurnalının “Ekologiya” mövzusuna həsr olunmuş 63-cü nömrəsi ilə eyni vaxta təsadüf edib. Jurnal üz qabığında – İDEA-nın təsisçisi Leyla Əliyevanın fotosu ilə nəşr edilib.
“Nargis” komandası ətraf mühitə laqeyd olmayan insanlardır. Nəşr hər birimizin Ana Yer kürəsinin qorunmasını təşviq və təbliğ etməkdə öz məsuliyyətini hiss edir.
“Make the Earth Smile” adlı ekoloji layihə – insanın həyat fəaliyyətinin 13 ən vacib, Yer kürəsinə xüsusilə zərər verən böhranlı sahəsini özündə əks etdirən instalyasiyalardan ibarətdir. Layihənin məqsədi gənc nəsli müsbət nəticələrlə yekunlaşan yeni həyat tərzinə alışdırmaqdır. Sərgidə iştirakçılara ətraf mühitə kömək etmək üçün tövsiyə olunan 13 faydalı vərdiş təsvir edilmiş “Nargis” kitabçaları paylanıb.
Rəşad Ələkbərov, Orxan Hüseynov, Kənan Əliyev, Sabit Zamanov, Teymur Qəribov, Fərid Rəsulov, Nurəli Şahbazov, Nazim Şükürov öz instalyasiyalarını onlara tərəfdaşlıq edən şirkətlərlə birgə yaradıblar.
Sərgini ziyarət edən Təhsil naziri Ceyhun Bayramov təhsil sistemi çərçivəsində “Nargis” Nəşriyyat Evi ilə gələcək əməkdaşlıq üçün ekoloji layihə təklif edib. Daha sonra nəşriyyat evinin rəhbəri Ülviyyə Mahmudova və əməkdaşlar bulvarda zeytun ağacı əkiblər.
Bu, “Nargis” komandasının təşkil etdiyi ilk sərgi deyil: nəşriyyat evi bu ilin aprel ayında İstanbulda jurnalın mövcud olduğu altı il ərzində çəkdiyi eksklüziv fotoşəkillərdən ibarət sərgi təqdim etmiş, iyul ayında isə Bakıdakı Müasir İncəsənət Muzeyində “Women, Children and Well-Being” adlı xeyriyyə sərgisi keçirmişdi.
“Make the Earth Smile” sərgisi oktyabrın 5-dək davam edəcək.