Azərbaycan paytaxtı dünya miqyaslı daha bir mötəbər tədbirə ev sahibliyi edir. Sentyabrın 16-da Bakıda, Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatı başlanıb.
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva və ailə üzvləri açılış mərasiminə baxıblar.
Açılış mərasimində Gənclər və İdman naziri Azad Rəhimov və Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinari Vatanabe çıxış ediblər.
Çıxışlarda vurğulanıb ki, beynəlxalq miqyaslı tədbirlərin yüksək səviyyəli təşkilatçısı kimi tanınan Azərbaycan on dörd ildən sonra ikinci dəfə bədii gimnastika üzrə dünya çempionatını qəbul edir. Vurğulanıb ki, Azərbaycan Gimnastika Federasiyası ardıcıl olaraq iki il dünyanın ən yaxşı federasiyası adına layiq görülüb. Təsadüfi deyil ki, Beynəlxalq Gimnastika Federasiyası bu mötəbər yarışın təşkilini ölkəmizə həvalə edib.
Mərasimdə müğənni və bəstəkar, Əməkdar artist Tünzalə Ağayeva Azərbaycanın dövlət himnini akapella üslubunda ifa edib.
Dünya çempionatının ulduz səfiri, Əməkdar artist Miri Yusif məhz bu yarış üçün xüsusi yazılmış “Birinci ol” mahnısını oxuyub.
Mərasimdə Şərq motivləri əsasında səhnələşdirilmiş “Şərq nağılı” şousu təqdim olunub. Şoudan sonra məşhur müğənni, Xalq artisti Emin Ağalarov sevilən mahnılarını təqdim edib.
Qeyd edək ki, “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatda 61 ölkədən 300 gimnast 9 dəst medal uğrunda mübarizə aparır. “Nağıllar gerçəkləşəcək” devizi ilə təşkil olunan dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb.