“İçərişəhər” Muzey Mərkəzinin Fotoqrafiya Evində “Kiyev-Peçora böyük monastırı. Tarix və müasirlik” adlı bədii səyyar fotosərgi keçirilir.
Sərgi “İçərişəhər” Muzey Mərkəzi, Ukraynanın Azərbaycandakı səfirliyi, eləcə də Sumqayıtdakı İ.Franko adına Ukrayna ictimai təşkilatının dəstəyi ilə təşkil olunub.
“İçərişəhər” Muzey Mərkəzinin direktoru Əminə Məlikova bildirib ki, təqdim edilən fotolar əsasən Kiyev-Peçora monastır ansamblının memarlığını əks etdirir. Kompleks XI əsrdən XX əsrədək müxtəlif dövrləri əhatə edən 140 milli mədəni irs abidəsini, o cümlədən iki mağara kompleksini əhatə edir. Kiyev-Peçora monastırı müxtəlif müharibələr zamanı bir neçə dəfə dağıdılıb. Təbii fəlakətlər də ondan yan keçməyib. Fotolarda II Dünya müharibəsi zamanı Kiyev-Peçora monastırının dağıdılmasını görmək olar. Lakin Ukrayna xalqının səyləri nəticəsində milli ziyarətgah bərpa edilib. Müstəqillik illərində əsas məbəd – Uspenski baş kilsəsi əvvəlki halına qaytarılıb.
Kiyev-Peçora monastırının elmi tədqiqat şöbəsinin müdiri, arxeoloq və səyyar sərginin kuratoru Konstantin Krayni qeyd edib ki, monastırın adı ilk dəfə 1051-ci ilin salnaməsində çəkilir. 1990-cı ildə memarlıq kompleksi UNESCO-nun Dünya irs siyahısına daxil edilib.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.
Qeyd edək ki, sentyabrın 13-də açılan sərgi sentyabrın 26-dək Bakıda, sentyabrın 28-dən oktyabrın 5-dək isə Sumqayıtdakı Tarix muzeyində nümayiş olunacaq.