Bakının azad edilməsinin 101-ci ildönümü münasibətilə yürüş keçirilib
Osmanlı (Türkiyə) dövləti tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinə köməyə göndərilmiş Qafqaz İslam Ordusunun iştirakı ilə Bakının azad edilməsinin 101-ci ildönümü münasibətilə yürüş keçirilib. Qobustan rayonundakı Acıdərə Türk şəhidliyinə yürüş Müdafiə Nazirliyinin və Türkiyənin Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
Avtomobil karvanı N nömrəli hərbi hissədən yola düşüb. Yolboyu Türkiyə və Azərbaycan xalqlarının zəfər marşları, dostluq və qardaşlıq mahnıları səsləndirilib.
Acıdərədəki Türk şəhidliyi ziyarət olunub, hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin dövlət himnləri ifa olunub.
Müdafiə Nazirliyinin zabiti, Əməkdar incəsənət xadimi Abdulla Qurbani anım mərasimini açaraq 15 sentyabrın XX əsr Azərbaycan tarixində şərəfli bir gün olduğunu bildirib. Qeyd olunub ki, 101 il öncə Azərbaycan və türk əsgərləri Bakını azad edərək Azərbaycan tarixinə şanlı bir səhifə yazıblar. Azərbaycan-Türkiyə qardaşlığı bu gün də ən yüksək səviyyədədir. Bu dostluq və qardaşlıq sarsılmazdır, əbədidir.
Böyük Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, ulu öndər Heydər Əliyevin isə “Biz bir millət, iki dövlətik” kəlamları ilə çıxışına başlayan Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib: “Bizim dostluğumuz, qardaşlığımız çoxəsrlik tarixi ənənələrə arxalanır. Bizim dədələrimiz-babalarımız dar gündə bir-birilərinin harayına çatıblar. Bir səngərdə ümumi düşmənə qarşı birlikdə mücadilə aparıblar. Biz Çanaqqala savaşında şəhid olan azərbaycanlıları, Cümhuriyyət quruculuğu ərəfəsində Azərbaycanın göstərdiyi qardaş köməyini heç vaxt unutmuruq”.
Səfir diqqətə çatdırıb ki, 15 sentyabrda Bakının qurtuluşu nəinki azərbaycanlılar, hətta Anadolu türkləri üçün də olduqca böyük hadisədir. Azərbaycanın müstəqilliyi Türkiyə tarixi üçün də önəmli dönüş nöqtəsidir. Bu günün həm Türkiyə, həm də Azərbaycan xalqları tərəfindən birgə, təntənəli şəkildə keçirilməsinin əsas məqsədi 101 il öncə baş verənləri hər kəsə anlatmaq, xüsusilə də gələcək nəsillərə hansı səbəbdən bir yerdə, qardaş olduğumuzu, tariximizdə nələrin baş verdiyini çatdırmaqdır.
General-mayor Vasif Kazımov, Türkiyədən gəlmiş qazilər adından istefada olan general-leytenant Cumhur Evcil, Qobustan Rayon Ağsaqqallar Şurasının sədri Şıxbaba Bayramov və başqaları çıxış edərək şəhidlərə ehtiramlarını bildirib və Türkiyə-Azərbaycan xalqlarının sarsılmaz birliyindən iftixarla söhbət açıblar.
Qobustan rayon şəhid Qalib Ələkbərov adına Çuxanlı kənd tam orta məktəbinin şagirdləri “Yol ver türkün bayrağına!” adlı ədəbi kompozisiya ilə çıxış ediblər.
Sonra şəhid türk zabitinin məzarı ziyarət olunub, üstünə qərənfillər düzülüb, dualar oxunub.
Yürüş və anım mərasimində Türkiyədən gəlmiş qazilər, Türkiyə Silahlı Qüvvələrinin zabitləri, Azərbaycan Ordusunun və ictimaiyyətin nümayəndələri iştirak ediblər.