Azərbaycanlı dizaynerlər oktyabrın 16-da Taraz (Qazaxıstan) şəhərində keçiriləcək “Aspara Fashion Week” moda həftəsi çərçivəsində “Neo-Folklorе” dizaynerlərin IV Beynəlxalq müsabiqəsinə dəvət alıblar. 

Layihənin Azərbaycandakı milli direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova bildirib ki, “Neo-Folklorе” milli geyim ənənələrinin və müasir dəb tendensiyalarının sintezidir. Müsabiqə beynəlxalq yaradıcılıq əlaqələrini genişləndirir və gənclərin innovativ potensialının reallaşdırılması, etnik kostyumun müasir şərtlərə uyğunlaşdırılması və qlobal moda sənayesində (“fashion industry”) uğur qazanması məqsədilə keçirilir.

Qazaxıstanın dəb sənayesində ən irimiqyaslı tədbir olan “Aspara Fashion Week” Avropa, Asiya və Amerikadan olan geyim dizaynerlərinin, jurnalistlərin və dəb ekspertlərinin iştirakı ilə keçirilir. Layihənin rəhbəri Qazaxıstanın tanınmış dizayneri, sənətşünas Aydarxan Kaliyevdir.

Xatırladaq ki, 2018-ci ildə “Gulnara Khalilova” dəb evi və Gülnarə Xəlilovanın Azərbaycan Milli Geyim Mərkəzinin “Xalçaların dili” adlı kolleksiyası “Aspara Fashion Week” moda həftəsi çərçivəsində uğurla nümayiş etdirilib.

LALƏ