1918-ci ilin 15 sentyabr tarixinin – Bakının erməni-bolşevik işğalından azad olunmasının 101-ci ildönümü qardaş Türkiyədə də qeyd olunub. İldönümü ilə bağlı Ankarada TRT-nin təşkilatçılığı ilə mərasim keçirilib.

Ortaq tariximizin şanlı səhifəsinə həsr olunmuş tədbirlər İğdır bölgəsində də təşkil edilib. İğdır şəhər Mədəniyyət sarayında İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin təşəbbüsü, İğdır Valiliyi, ölkəmizin Qarsdakı Baş konsulluğunun dəstəyi ilə keçirilən konfransa rəsmilər, yerli ictimaiyyət nümayəndələri, QHT və media təmsilçiləri qatılıb.

Tədbir Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb. Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ruhlarına Qurani-Kərimdən ayələr oxunub.

Mərasimdə Azərbaycanın Qars şəhərindəki baş konsulu Nuru Quliyev, İğdır valisi Ənvər Ünlü və İğdır-Azərbaycan dərnəyinin başqanı  Ziya Zakir Acar çıxış ediblər. Azərbaycan-Türkiyə qardaşlığının tarixindən bəhs edən çıxışçılar böyük öndər Mustafa Kamal Atatürk və ümummilli lider Heydər Əliyevin xalqlarımızın can birliyini tərənnüm edən ibrətamiz fikirlərini xatırladıblar. Qafqaz İslam Ordusunun şərəfli missiyasından danışılıb. Bildirilib ki, Azərbaycan xalqı hər zaman torpaqlarımız üçün canını fəda edən türk övladlarının ruhunu ehtiramla yad edir.

Sonra Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç, AMEA-nın Tarix İnstitutunun əməkdaşı, dosent İlqar Niftəliyev və BDU-nun Tarix fakültəsinin dosenti Arzu Məmmədovanın məruzələri dinlənilib.

Azərbaycanın dövlətçilik tarixi, 1918-ci ildə Cümhuriyyətin qurulması, Qafqaz İslam Ordusunun böyük rəşadətlə xalqımızın köməyinə gəlməsindən bəhs edən məruzəçilər bir fikri əminliklə ifadə ediblər ki, “bir millət – iki dövlət” olan Azərbaycan və Türkiyə əbədiyyətə qədər bir-birinin sevincini sevinc, kədərini kədər kimi qarşılayacaq. Məruzələrdə XX əsrin əvvəllərində olduğu kimi əsrin sonunda, SSRİ-nin süqutu ilə bir zamanda ermənilərin Azərbaycana qarşı həyata keçirdikləri mənfur planlarından söz açılıb. Diqqətə çatdırılıb ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası Türkiyə ictimaiyyətinin də ən böyük arzusudur. Türkiyə bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqq işini müdafiə edəcək.

Konfransdakı qardaşlıq və birlik çağırışları hərarətli alqışlarla qarşılanıb.

Sentyabrın 16-da bu tədbirin davamı kimi İğdır bölgəsindəki Tuzluca rayonunda yerləşən Təkaltı dağına doğru Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçirilib. Aksiya Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıçın təşəbbüsü ilə gerçəkləşib. H.Kılıç fikirlərini belə ifadə edib: “Bakı şəhərinin azad olunmasının 101-ci ildönümünü belə bir yürüşlə də qeyd etməyə qərar verdik. Bakı bütün türk dünyası üçün çox önəmli məkandır. Mən bunu ilk dəfə söyləyirəm: İstanbul nə qədər islam dünyasının paytaxtıdırsa, Bakı da o qədər türk dünyasının paytaxtıdır. Türk dünyasında Bakının çox özəl yeri var. Bakı şəhəri üçün şəhid olan əsgərlərimizin ruhları şad olsun”.

Keçmiş diplomat Qafqaz İslam Ordusunun mücadiləsinin şanlı bir tarix olduğunu vurğulayaraq bununla bağlı tarixi mənbələri böyük maraq və heyranlıqla  oxuduğunu deyib: “Bu, çox önəmli hadisədir. 1918-ci ildə Osmanlı imperatorluğunu parçalamaq üçün çalışan güclər var idi. Osmanlı 4 cəbhədə vuruşurdu. Xəbər gəldi – Bakı işğal altındadır. Osmanlı 7 min əsgərini  Azərbaycana, köməyə göndərdi. Bakı azad edildi. O qərarı verənlərə sayğılarımı ifadə edirəm”.

Yürüşçülər Azərbaycan və Türkiyənin dövlət bayraqlarını, həmçinin Milli Qəhrəman Mübariz İbrahimovun portretini Ağrıdağ Dağçılıq və Təbiət İdman Növləri Klubu tərəfindən simvolik olaraq Milli Qəhrəmanın adı verilən zirvəyə qaldırıblar.

Mehparə SULTANOVA
Ankara