Bu il yeni dərs ilindən İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətinin bütün orta ümumtəhsil məktəblərində Azərbaycan dilinin tədrisinə başlanacaq.
Bu barədə Şərqi Azərbaycan vilayətinin valisi Məhəmmədrza Purməhəmmədi dərs ilinin başlanmasına həsr olunan müşavirədə deyib. O bildirib ki, fars dili İranda ümumi ünsiyyət dilidir. Lakin bununla yanaşı, ölkə konstitusiyasında xalqlara ana dilində təhsil almaq hüququ da verilib. Vali deyib ki, Azərbaycan dilinin tədrisi bəzi söz-söhbətlərə də son qoyacaq.
M.Purməhəmmədi qeyd edib ki, tədris üçün dərs proqramı və dərsliklər artıq hazırlanaraq məktəblərə verilib.
İranda dərs ili sentyabrın 20-də başlayır.