Oktyabrın 12-dən 16-dək Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda “Azərbaycan və Çin Böyük İpək Yolunda” adlı dəyirmi masa keçiriləcək.

Çin nümayəndə heyətinə Çin İctimai Elmlər Akademiyasının (ÇİEA) Dünya Tarixi İnstitutunun direktoru, professor Van Çaoquanq rəhbərlik edəcək.

Tədbirdə AMEA-nın Tarix İnstitutu ilə ÇİEA-nın Dünya Tarixi İnstitutu arasında Azərbaycan-Çin əlaqələri tarixini araşdıran iki mərkəzin yaradılması barədə müqavilənin imzalanması da nəzərdə tutulub. Mərkəzlərdən biri Bakıda Tarix İnstitutunun nəzdində, digəri isə Pekində Dünya Tarixi İnstitutunun nəzdində fəaliyyət göstərəcək. Mərkəzlərdə iki ölkə arasında əlaqələrin tarixi qədimdən müasir dövrədək araşdırılacaq. Çin alimlərinin əsərləri Azərbaycanda, azərbaycanlı alimlərin əsərləri Çində nəşr olunacaq.

Hazırda Tarix İnstitutunda “Azərbaycan-Çin əlaqələri tarixindən” kitabı nəşrə hazırlanır. Kitabın müəllifləri tarixçi alimlər Nərgiz Axundova və Xou Aytszyun, elmi redaktoru isə akademik Yaqub Mahmudovdur.

AMEA-nın Tarix İnstitutu Çinin Dünya Tarixi İnstitutu ilə 2015-ci ildən əməkdaşlıq edir. 2016-cı ildə isə Nərgiz Axundovanın “Azərbaycan və Çin mədəniyyətlərinin tarixi əlaqələrinə dair” kitabı çap olunub.