Şəkidə yeni teatr mövsümü
Şəki Dövlət Dram Teatrı sentyabrın 17-də mövsümü “Xəstəlik xəstəsi və ya yaşasın teatr” əsəri (J.Molyer, M.Bulqakov) əsasında səhnələşdirilmiş tamaşa ilə açıb.
Teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimlinin quruluş verdiyi tamaşa vaxtilə Şəki teatrında işləmiş mərhum rejissor, Əməkdar incəsənət xadimi Hüseynağa Atakişiyevin 70 illik yubileyinə ithaf olunub.
Tamaşanın quruluşçu rəssamı Nicat Məmmədov, geyim üzrə rəssamı Sahib Əhmədov, musiqi tərtibatçısı Zeynəb Orucovadır.
Bu il Şəkidə peşəkar teatrın yaranmasının 140 ili tamam olur. Bu münasibətlə teatrda yubiley tədbirinin keçirilməsi nəzərdə tutulur. Eyni zamanda görkəmli dramaturq Cəfər Cabbarlının 120 illiyi münasibətilə “Sevil” pyesinin və “Kitabi-Dədə Qorqud” eposunun motivləri əsasında Altay Məmmədovun yazdığı “Dəli Domrul” əsərinin tamaşaya qoyulması planlaşdırılır.