Meksikanın Azərbaycandakı səfiri Xuan Rodriqo Labardini Flores Azərbaycan Dövlət Tərcümə Mərkəzində olub. Görüş zamanı Azərbaycan-Meksika ədəbi əlaqələri, Azərbaycan ədəbiyyatının Meksikada, eləcə də Latın Amerikası ölkələrində tanıdılması və yayımı məsələləri müzakirə edilib.
Səfir “Azərbaycan ədəbiyyatı antologiyası”nın nəşri ilə bağlı Meksikanın Xarici İşlər Nazirliyinə müraciət edildiyini, əlaqədar nəşriyyat və qurumların artıq işə cəlb olunduğunu diqqətə çatdırıb.
Görüşdə tanınmış Meksika yazıçısı David Toskananın Azərbaycana gözlənilən səfəri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Səfir deyib: “Ədəbiyyatı sevirəm. Düşünürəm ki, ədəbiyyat və musiqi xalqların kimliyini, duyduğu hissləri daha yaxşı çatdırır. Rəsm əsərlərinə baxdıqda, orada yaşananların üst qatını duyuruq, yalnız müəyyən məqamları görürük, lakin ədəbiyyat daha dərin təəssüratlar yaradır. Azərbaycanda, paytaxt Bakıda, regionlarda mütəmadi olaraq tədbirlər, sərgilər keçiririk, meksikalı dostlarım hər zaman buradan xoş təəssüratlarla ayrılırlar”.