Əməkdar incəsənət xadimi Valeri Kərimovun xatirə gecəsi
Mayın 27-də Dövlət Film Fondunda Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə tanınmış kinooperator və rejissor, Əməkdar incəsənət xadimi Valeri Kərimovun 70 illik yubileyinə həsr edilmiş xatirə gecəsi keçirildi. İştirakçılar əvvəlcə kinooperatorun fəaliyyətindən bəhs edən fotosərgi ilə tanış oldular.
Tədbiri Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq Valeri Kərimovun geniş yaradıcılıq aləmindən bəhs etdi. Bildirdi ki, Valeri Kərimovun özünəməxsus operator yozumu olub. O, Azərbaycan kino salnaməsində maraqlı filmləri ilə yadda qalıb, detektiv, macəra, psixoloji-dram, uşaq filmi kimi müxtəlif janrlarda ekran əsərlərini lentə alıb.
Əməkdar incəsənət xadimi Aydın Kazımzadə sənətkarın ömür yolundan söz açdı. Qeyd etdi ki, V.Kərimov bir neçə il kinostudiyada işıqçı, operator assistenti işləyib. 60-cı illərin sonunda Moskvaya gedərək ÜDKİ-nin kinooperatorluq fakültəsinə daxil olub.
O, professional kinooperator kimi 30-a qədər film çəkib. Çəkdiyi filmlərdə Azərbaycanın zəngin təbiətini, gözəl guşələrini tərənnüm edib. İlk operator işi 1974-cü ildə çəkdiyi “Çarvadarların izi ilə” bədii televiziya filmi olub. Həmin il “Ömrün səhifələri” kinoalmanaxında iki novellanı (“Baladadaşın ilk məhəbbəti” və “Nəğmə dərsi”) lentə alıb. Onun çəkdiyi filmlərin arasında müxtəlif janrda və mövzuda filmlər var: “Alma almaya bənzər”, “Yuxu”, “De ki, məni sevirsən”, “Qaladan tapılan mücrü”, “Arxadan vurulan zərbə”, “Qorxma, mən səninləyəm”, “Qızıl uçurum”, “Yarımçıq qalmış mahnı”, “Sizi dünyalar qədər sevirdim”, “Ötən ilin son gecəsi”, “Sürəyya” və s. V.Kərimov özünü rejissorluq sahəsində də sınayıb, “Həmyerli” bədii filminə quruluş verib.
Xalq artisti, görkəmli aktyor Rasim Balayev çıxış edərək bildirdi ki, Valeri Kərimov yaddaşlarda həm gözəl sənətkar, həm də qayğıkeş bir insan kimi qalıb: “Xarakterində aktyora bir qayğı vardı. İşinə və sənətinə çox bağlı idi. Xəstəxanada yatanda yanına getdim. Vəziyyəti o qədər də yaxşı deyildi. Çətin anlarında yenə də sənətdən, işdən danışdı”.
Əməkdar incəsənət xadimləri, kinooperatorlar Rafiq Qəmbərov, Nizami Abbas çıxış edərək sənətkarla bağlı xoş xatirələrini bölüşdülər.
Tədbirdə Valeri Kərimovun sənət aləmindən söz açan videoçarx və çəkdiyi filmlərdən fraqmentlər nümayiş etdirildi. Sonda sənətkarın qardaşı Ağamahmud Kərimov çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara dərin təşəkkürünü bildirdi.
Savalan Fərəcov