1994-cü ilin 20 sentyabrı yeni tariximizin əlamətdar günlərindən biridir. Həmin gün Azərbaycanın müstəqilliyinin, iqtisadi inkişafının uzun zaman təminatı olacaq tarixi bir sənədə imza atılıb.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və dünyanın aparıcı neft kompaniyaları arasında Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi haqqında ilk beynəlxalq müqavilənin imzalanması ilə ölkəmizin müstəqil neft strategiyasının əsası qoyulub. Ulu öndər Heydər Əliyevin banisi olduğu bu strategiya XXI əsr Azərbaycanının, yeni dövlət quruculuğunun möhkəm iqtisadi, geosiyasi sütunu oldu. Bu o dövr üçün dünyanın ən böyük neft müqaviləsi idi və beynəlxalq iqtisadi əhəmiyyətinə, miqyasına, strateji mahiyyətinə uyğun bir adla tarixə həkk olundu – “Əsrin müqaviləsi”.

Sentyabrın 18-də Azərbaycan Mətbuat Şurasının və “SOCAR-AQŞ” MMC-nin “Əsrin müqaviləsi”nin 25 illiyi ilə bağlı keçirdikləri yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Əvvəlcə “SOCAR-AQŞ” MMC-nin fəaliyyətinə dair videoçarx nümayiş olunub. Tədbirdə çıxış edən “SOCAR-AQŞ” MMC-nin baş direktoru Ramin İsayev şirkətin gördüyü işlərdən danışıb. Bildirib ki, qazma tarixində bir sıra uğurlara və yeniliklərə imza atan şirkətin missiyalarından biri Azərbaycanın hüdudlarından kənarda da ölkəmizi təmsil etməkdir.

Şirkətin mətbuat xidmətinin rəhbəri Sənubər Nəzərova yazı müsabiqəsi barədə ətraflı məlumat verib.

Mətbuat Şurasının İdarə heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə “Əsrin müqaviləsi”nin tarixi əhəmiyyəti barədə danışıb, bu günün təkcə neftçilər üçün deyil, bütün vətəndaşlarımız üçün əhəmiyyətli olduğunu vurğulayıb.

Sonra qaliblər mükafatlandırılıb. Mükafatçılar arasında qəzetimizin əməkdaşı Gülcahan Mirməmməd də var.

Daha sonra tələbə təqaüdləri təqdim edilib. Tədbir bədii hissə ilə davam edib.