Sentyabrın 28-dən oktyabrın 1-dək Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək 2-ci Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalının proqramında ümumilikdə 30-dək tədbir yer alıb.
Budəfəki festivalda bir sıra yeniliklər olacaq. Beynəlxalq miqyasda tanınmış nəsimişünaslar, şairlər, alimlər və filosoflar mühazirələrlə çıxış edəcəklər. Rusiyalı psixoloq Aleksey Sıtnikov, ABŞ-dan tədqiqatçı Alan Qodlas, italiyalı şair David Rondoni, Böyük Britaniyada yaşayan Azərbaycan əsilli filosof və rəssam Zeyqəm Əzizov mühazirələrində Nəsimi fəlsəfəsi ilə keçmişə və müasir dövrə aid müxtəlif nəzəriyyə və konsepsiyalar arasında paralellər aparacaqlar.
Nəsiminin seçilmiş qəzəlinə bir sıra tədqiqatçı və şeir bilicisi öz şərhini verəcək, həmin təfsirlərin müzakirəsi olacaq. “Mən ki dərvişəm, fəqirəm, padişahi-aləməm” qəzəlinə Azərbaycan, Rusiya, İran, Türkiyə və Misirdən 10-dan çox müəllif öz təhlillərini təqdim edəcək.
Festival çərçivəsində, həmçinin almaniyalı alim, tanınmış nəsimişünas Mixael Hess və Böyük Britaniyada tədqiqatçı soydaşımız Orxan Mirqasımovun Nəsimi və hürufilik haqda kitabları təqdim ediləcək.
Festival çərçivəsində Şamaxıda XV əsrə aid “Şamaxı antologiyası” əlyazmasına (1468, Britaniya Muzeyi, London) həsr olunan sərgi açılacaq. Şeir məcmusu Azərbaycan miniatür sənətinin ən gözəl incilərindəndir. Əlyazmadakı miniatürlər sərgidə müxtəlif üsul və texnikalarla təqdim olunacaq.
Həmçinin Mədəniyyət Nazirliyinin “Söz” layihəsinin gənc şairlər arasında elan etdiyi Nəsimi ruhunda, yaxud bilavasitə onun şeirlərinə nəzirə olan ən yaxşı poetik əsər müsabiqəsinin nəticələri açıqlanacaq.