İlk min nüsxəsi pulsuz paylanmışdı

Dünyada kommersiya baxımından ən gəlirli nəşr “Ginnesin rekordlar kitabı” sayılır. Bu kitab ilk dəfə 1955-ci ildə İrlandiyadakı “Guinness” pivə zavodunun sifarişi ilə nəşr olunub.

1951-ci ildə bir gün zavodun sahibi ser Hyu tanışı ilə ova çıxır. Ovda onların arasında qızılı cüllütün, yoxsa şotland tetra quşunun daha sürətlə uçması barədə mübahisə düşür. Həmin vaxt bu barədə soraq kitabı olmadığından kimin haqlı olduğunu müəyyənləşdirə bilmirlər. Bundan sonra ser Hyu qərara alır ki, belə bir kitabı tərtib etdirsin. 1954-cü ildə məlumat kitabının ilk variantı hazırlanır. 

Kitabın ilk buraxılışı 1000 nüsxə tirajla çap olunur və pulsuz paylanır. Növbəti il isə artıq pulla satılan kitab Britaniyada ən çox satılan kitablar siyahısında ön sıraları tutur. 1956-cı ildə rekordlar kitabı ABŞ-da 70 min nüsxə ilə satışa çıxarılır.

1954-cü ildə kitabın birinci nəşri üçün pivə zavodunun sahibi tərəfindən “Guinness World Records” şirkəti yaradılmışdı. Sonradan kitabın çap hüququ bir neçə dəfə satılıb. 1995-ci ildə kitabın konsepsiyası dəyişib. O vaxtadək yalnız mətndən ibarət olan kitab şəkilli alboma çevrilib və nəşr özü də rekorda imza atıb. Hazırda “Ginnesin rekordlar kitabı” 100 ölkədə 25 dildə çap olunur. 60 il ərzində kitabın ümumi satış tirajı 130 milyon nüsxədən çox olub.

CAVİD