Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist Cəlil Məmmədquluzadənin 150 illik yubileyi Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən müxtəlif tədbirlərlə qeyd edilir, o cümlədən nəşr layihələri həyata keçirilir.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin layihəsi və ideya müəllifliyi ilə əsərləri xarici dillərə tərcümə edilərək nəşr olunur. Ötən müddətdə böyük ədibin əsərləri Rusiya, Pakistan, Misir, Macarıstan, Litva, Özbəkistan və Bolqarıstanda kitab şəklində, İ.Həbibbəylinin yazdığı müqəddimə ilə çap olunub.

Bu günlərdə Düşənbədə Cəlil Məmmədquluzadənin hekayələrinin toplandığı “Poçt qutusu” kitabı ilk dəfə tacik dilində nəşr edilib.

Əsərləri tacik dilinə çevirmiş ədəbiyyatşünas, professor Muxammadsalom Maxşulovun “Tərcüməçidən ön söz” başlıqlı yazısında ədibin həyat və yaradıcılığından, əsərlərinin ideya-bədii xüsusiyyətlərindən ətraflı bəhs edilir.

Kitaba Cəlil Məmmədquluzadənin “Poçt qutusu”, “Usta Zeynal”, “Nigarançılıq”, “Xanın təsbehi”, “Quzu”, “Qurbanəli bəy”, “Bəlkə də qaytardılar”, “Pirverdinin xoruzu”, “Saqqallı uşaq” və başqa hekayələri daxil edilib. Kitab Azərbaycanın Tacikistandakı səfirliyinin dəstəyi ilə Düşənbənin “ER-Qraf” nəşriyyatında işıq üzü görüb.