Oktyabrın 1-də Heydər Əliyev Mərkəzində “LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalının təntənəli açılış mərasimi olub. Avrasiya Xalqları Assambleyasının dəstəyi ilə keçirilən festivalın təşkilatçıları “LiFFt” Mədəni Layihələrinin İnkişafına Dəstək Fondu və Heydər Əliyev Fondudur.
Genişmiqyaslı maarifçilik layihəsi olan “LiFFt” Avrasiya mədəni məkanının tamhüquqlu tərkib hissəsinə çevrilib. Avrasiya ədəbi festivallarını birləşdirən “LiFFt” 2016-cı ildən etibarən hər il keçirilir.
Builki festival 2019-cu ilin BMT tərəfindən elan edilmiş “Yerli xalqların dilləri ili”nə və böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyinə həsr edilib.
Festivalın məqsədi Avrasiya ölkələrində yazıçıların və oxucuların yaradıcılıq və dostluq əlaqələrini möhkəmləndirmək, vahid Avrasiya ədəbi məkanı yaratmaqdır.
Festival oktyabrın 3-dək davam edəcək.
Açılış mərasimində Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar qonaqları salamlayaraq deyib ki, bu payız Azərbaycan üçün, sözün həqiqi mənasında, ədəbi payız olub: “Bu, ilk növbədə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyi ilə bağlıdır. Sevindirici haldır ki, “LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalı Bakıda keçirilir”.
Avrasiya Xalqlarının Mədəni Layihələrinin İnkişafına Dəstək Fondunun direktoru Anvar Almuxametov festivalın təşkilatçılarına təşəkkürünü bildirib.
Təşkilat komitəsinin sədri Svetlana Smirnova “LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalının keçirilməsinə yaratdığı imkana və dəstəyə görə Avrasiyanın çoxmillətli ədəbi ailəsi adından Heydər Əliyev Fonduna və şəxsən Fondun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib.
“LiFFt-2019” festivalının prezidenti Marqarita Al Avrasiyanın bütün guşələrindən gəlmiş yazıçıları və oxucuları salamlayıb.
Sonra festivalın laureatları – rusiyalı şair, filosof və ədəbiyyatşünas Konstantin Kedrov-Çelişev, məşhur qazax şairi, yazıçı və ədəbiyyatşünas, ictimai-siyasi xadim Oljas Süleymenov, ötənilki festivalın qalibi Varis Yolçuyev çıxış edib.
Festivalın birinci günü işini plenar iclaslarla davam etdirib.