Yuğ Dövlət Teatrı yeni mövsümü sentyabrın 28-də V.Şekspirin “III Riçard” əsərinin motivləri əsasında hazırlanmış “Lənət” tamaşasının premyerası ilə açıb. Tamaşanı Mədəniyyət naziri Əbülfəs Qarayev də izləyib.

Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanmış tamaşanın quruluşçu rejissoru Xristo Stoyçev, quruluşçu rəssamı Olqa Boseva (hər ikisi Bolqarıstan), rejissoru Günay Səttarova, bəstəkarı Xalq artisti Sərdar Fərəcov, geyim üzrə rəssamı Səadətxan Ramin, rejissor assistenti Günel Səfərovadır. Pyesi Azərbaycan dilinə teatrın aktyoru Xalq artisti Vidadi Həsənov tərcümə edib.

Kollektiv V.Şekspirin “III Riçard” əsərini yeni səhnə redaksiyasında təqdim edib. Tamaşada Əməkdar artist Sonaxanım Mikayılova (Marqarita), aktyorlar Vüqar Hacıyev (Riçard), Zümrüd Qasımova (Kraliça Yelizaveta), Elgün Həmidov (Bekingem) və Natəvan Qeybani (Hersoginya York, Riçardın anası, Kölgə) çıxış ediblər.

Tamaşadan sonra nazir Əbülfəs Qarayev kollektivi təbrik edib və uğurlar arzulayıb.