“Nəsimi əlyazmaları dünya kitabxanalarında” adlı sərgi açılıb
Sentyabrın 27-də Milli Kitabxanada “Nəsimi əlyazmaları dünya kitabxanalarında” adlı kitab sərgisinin açılış mərasimi olub.
“Mədəni sərvətlərimizin vətənə qayıdışı” layihəsi çərçivəsində təşkil olunan sərgi VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində reallaşıb. Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Mədəniyyət naziri Əbülfəs Qarayev tədbirdə çıxış edərək sərgi haqqında məlumat verib. Bildirib ki, sərgidə Şərqin böyük mütəfəkkiri İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş əlyazmaların surətləri yer alır. Bu kitablar dünyanın müxtəlif aparıcı kitabxanalarından əldə olunaraq Milli Kitabxananın fonduna daxil edilib.
Nazir vurğulayıb ki, İmadəddin Nəsiminin 650 illiyi haqqında ölkə başçısının müvafiq sərəncamının icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyinin əmri ilə tədbirlər planı hazırlanıb və müxtəlif silsilə tədbirlər həyata keçirilir.
Diqqətə çatdırılıb ki, ötən il ölkəmizdə, ədəbi-mədəni mühitdə geniş rezonans doğuran əhəmiyyətli bir layihə - Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə ilk dəfə olaraq Nəsimi – şeir, sənət və mənəviyyat Festivalı keçirilib. Bu il ikinci dəfə təşkil edilən festival yubiley ilinin ən yaddaqalan tədbirlərindən olacaq. “Nəsimi əlyazmaları dünya kitabxanalarında” adlı sərgi Mədəniyyət Nazirliyinin ikinci Nəsimi festivalına hədiyyəsidir.
Nazir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ölkənin ən böyük kitabxanasına gəlişini Fond tərəfindən kitaba, mütaliəyə və oxu mədəniyyətinə göstərilən diqqətin təzahürü kimi qiymətləndirib.
Milli Kitabxananın direktoru Kərim Tahirov kitabxana barədə məlumatların, üç dildə çap olunmuş, ana haqqında şeirlərin yer aldığı kitabları Leyla Əliyevaya təqdim edib.
Sonra qonaqlar sərgi ilə tanış olublar.
***
Həmin gün Milli Kitabxanada beynəlxalq əməkdaşlıq zalının açılışı olub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak edib.
Tədbirdə 10-dan çox ölkənin Azərbaycandakı diplomatik nümayəndələri və kitabxanaların rəhbərləri iştirak ediblər. Məlumat verilib ki, zalda həmin ölkələrin ədəbiyyat guşələri və kitabxanaları ilə birbaşa internet əlaqəsi yaradaraq faydalanmaq mümkündür.