Sərgi-yarmarka çərçivəsində beynəlxalq elmi-praktik konfrans

VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində sentyabrın 27-də Azərbaycan Milli Kitabxanasında “Kitabxanalar mobil informasiya mərkəzi kimi” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirildi. Konfransda Azərbaycan da daxil olmaqla 14 ölkənin kitabxana işi üzrə mütəxəssisləri iştirak edirdi.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açılış nitqində VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının əhəmiyyətindən və konfransın mövzusunun aktuallığından danışdı. Bildirdi ki, bu gün dünyada oxucuların əksəriyyətini gənclər təşkil edir. Onlar informasiya və bilikləri mobil vasitələrlə əldə etməyə meyillidirlər. Konfransın əsas məramı da bundan ibarətdir ki, kitabxanaların fəaliyyəti innovativ yeniliklərlə zənginləşsin və gənclər bu xidmətlərdən faydalansın.

Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək konfransın əhəmiyyətini, tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının da iştirak etməsini yüksək qiymətləndirdi: “Kitab təkcə bədii ədəbiyyat olaraq mütaliə üçün deyil. O  həm də təcrübə, elmi tərəqqi mənbəyidir”.

Qeyd olundu ki, müxtəlif ölkələrdən kitab işi ilə məşğul olan insanların bir araya gəlməsi kitab sənətinin sərhədsiz olduğunu göstərir: “Biz konfrans iştirakçılarını bu gün kitabları ictimaiyyətə çatdırmağın, onlarda maraq oyatmağın yolları düşündürür. Konfransın mövzusu da bu baxımdan əhəmiyyətlidir. Kitabxanalar müasirləşməli və yeniliklər axtarışında olmalıdırlar”.

Nazir TÜRKSOY təşkilatının ədəbiyyat, kitab sahəsində xidmətlərindən də söz açdı. Bildirdi ki, təşkilat türkdilli yazarların, görkəmli ədəbiyyat və sənət adamlarının kitablarının nəşrində yaxından iştirak edir, onların təbliğinə töhfələr verir.

Əbülfəs Qarayev bildirdi ki, kitabxanada 13 ölkə səfirinin və Milli Kitabxana rəhbərlərinin iştirakı ilə bu ölkələrə dair daimi ədəbiyyat guşələrinin yer aldığı beynəlxalq əməkdaşlıq zalının yaradılması bu sahədə əlaqələrin daha da yaxınlaşmasına, geniş informasiya mübadiləsinə imkan yaradacaq: “Xarici ölkələrin milli kitabxanalarında mühafizə olunan Nəsimi əlyazmalarının surətlərinin Bakıda sərgisi də bizim üçün böyük əhəmiyyət daşıyır. Altı əsr əvvəlin ədəbiyyatı, əlyazma mədəniyyəti və XXI əsrdə kitabxanalarda mobil informasiya mövzusunun müzakirəsi – bu onu göstərir ki, kitab və ədəbiyyat ümumbəşəri dəyərdir”.

Konfransın iştirakçılar arasında təcrübə mübadiləsi üçün gözəl imkan yaratdığını deyən nazir tədbirin işinə uğurlar arzuladı.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli konfransın aktual mövzuya həsr edildiyini vurğuladı. O, Azərbaycanda kitabxanaçılıq işinin qədim tarixi olduğunu diqqətə çatdırdı, konfransın müasir texnoloji yeniliklərin kitabxana sistemində tətbiqinin araşdırılması baxımından əhəmiyyətini qeyd etdi.

Millət vəkili, akademik Nizami Cəfərov konfransı peşəkarlıq baxımından dəyərli addım kimi qiymətləndirdi. Bildirdi ki, Azərbaycan ədəbiyyatı dünya ilə həmişə sıx tellərlə bağlı olub: “Bizim klassik şair və yazıçılarımız bir neçə dildə ədəbi nümunələr yaradıblar. O səbəbdən də bu gün çoxsaylı iştirakçıların Milli Kitabxanada toplanması təsadüfi deyil. Çünki kitablar insanları birləşdirən dəyərdir”.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Kitabxanalar və yayımlar idarəsinin rəhbəri, Türkiyə Milli Kitabxanasının direktoru Hamdi Turşuçu Azərbaycanda mütəmadi olaraq təşkil edilən kitabla bağlı konfrans və tədbirlərdən məmnunluğunu ifadə etdi, iştirakçılara təcrübələrini bölüşərək bu sahədə yeni nailiyyətlər arzuladı.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Mövlanə Cəlaləddin Ruminin Türkiyə Milli Kitabxanası tərəfindən nəşr olunan kitablarını nazir Əbülfəs Qarayevə hədiyyə etdi.

Beynəlxalq elmi-praktik konfrans günün ikinci yarısında maraqlı müzakirələrlə işini başa çatdırdı.

LALƏ