VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası imza mərasimləri, təqdimatlar, dəyirmi masalar və s. tədbirlərlə paytaxt kitabsevərlərinin və şəhərimizin qonaqlarının mənəvi zövq ala biləcəyi əhəmiyyətli layihədir.
Sərgi-yarmarkanın ilk gününün yaddaqalan tədbirlərindən biri “Söz” ədəbi layihəsi ətrafında birləşmiş gənc yazarların kitablarının təqdimat mərasimi oldu.
Gənc yazarlar Şəhriyar del Geraninin “Gecəmiz kitaba”, Günel Eyvazovanın “İşıq”, Günel Şamilqızının “Bağlayıcı” və Fərid Hüseynin “Əlvida ağacları” kitablarının təqdimatı keçirildi.
Böyük şair İmadəddin Nəsiminin şəkli həkk olunmuş iri plakatın önündə əyləşmiş müəlliflər kitablarından seçmə nümunələr oxudular. Şeir-söz məclisi beynəlxalq tədbirə təşrif buyuran ziyarətçilərin də diqqətini cəlb edirdi.
Gənc muğam ifaçılarının oxuduqları mahnı və təsniflər də tədbirə rəng, böyük kitab bayramının içində kiçik bayram düzənləyən “Söz”çülərin sevincinə sevinc qatdı.
GÜLCAHAN