Lənkəran Dövlət Dram Teatrının truppası Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində Qırğızıstan yazıçısı Mar Bayciyevin “Şənbə axşamı” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanı göstərib.
Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Oruc Qurbanov, quruluşçu rəssamı Məzaim Qurbanov, musiqi tərtibatçısı Miranda Qurbanovadır.
Rolları Xalq artisti Qabil Quliyev, əməkdar artistlər Zemfira Nəcəfova və Sucəddin Mirzəyev, aktyorlar Şahrud Mehdiyeva, Qızılgül Quliyeva, Sayad Əliyev və Təranə Fərəcova ifa ediblər.
Tamaşadan sonra 70 yaşı tamam olmuş teatrın aparıcı səhnə ustası, Xalq artisti Qabil Quliyevin ünvanına təbriklər səslənib.
Lənkəran teatrının direktoru Tofiq Heydərov, Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini Elnarə Həsənova sənətkarın teatr sənətimizə töhfələrindən danışıblar. Yubilyara rayon İcra Hakimiyyətinin fəxri fərmanı, xatirə hədiyyələri təqdim olunub.