Sentyabrın 29-da 2-ci Nəsimi festivalı çərçivəsində Şamaxıda təşkil olunan silsilə tədbirlərin davamı olaraq şəhərin yaxınlığında yerləşən qəbiristanlıqda İmadəddin Nəsiminin qardaşı Şahxəndanın məzarı ziyarət edilib.
Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov qonaqlara XIV əsrin tanınmış simalarından olan Şahxəndan barədə məlumat verib. Hazırda qəbirüstü abidənin restavrasiya olunduğunu bildirən icra başçısı qeyd edib ki, yazılı mənbələrdə adı çəkilən, həyatı və fəaliyyəti barədə məlumatlara rast gəlinən bir sıra görkəmli şəxsiyyətlər var ki, onların barəsində tədqiqatlara ehtiyac duyulur.
Almaniyalı nəsimişünas alim Mixael Hess abidənin ziyarəti zamanı İmadəddin Nəsimi və onun qardaşı Şahxəndanla bağlı apardığı tədqiqatlardan danışıb.
Türbənin konservasiyası üzrə layihənin müəllifi, avstriyalı bərpaçı-memar Erik Pumer görülən işlərdən bəhs edib.