Bakıda başqırd şairinin yubileyinə həsr olunmuş konfrans

Milli Kitabxanada Başqırdıstanın (Rusiya Federasiyası) Xalq şairi Mustay Kərimin (1919-2005) anadan olmasının 100 illiyinə həsr olunan konfrans və “Mustay Kərimin əsərləri türk dillərində” kitabının təqdimatı keçirildi. Sentyabrın 28-də təşkil olunan tədbir VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində gerçəkləşdi.

Əvvəlcə başqırd şairi haqqında videoçarx nümayiş olundu.

Sonra Azərbaycan Milli Kitabxanası və Qazaxıstan Milli Kitabxanası arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalandı. Sənədi kitabxanaların direktorları Kərim Tahirov və Alya Kaznabekova imzaladılar.

Konfransı giriş sözü ilə açan professor Kərim Tahirov TÜRKSOY-la əməkdaşlıq çərçivəsində kitabxanada türk dünyasının tanınmış şəxsiyyətlərinin yubileyləri ilə əlaqədar silsilə tədbirlərin keçirildiyini bildirdi. Bugünkü tədbirdə 14 ölkədən nümayəndənin iştirak etdiyi diqqətə çatdırıldı.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov çıxışında başqırd türklərinin görkəmli ədibi Mustay Kərimin həyat və yaradıcılığından, şairin yubileyi ilə bağlı 13 türk xalqının dilində buraxılan kitab haqqında danışdı. Bildirdi ki, TÜRKSOY tərəfindən qardaş xalqlar arasında əlaqələri genişləndirmək, türk mədəniyyəti və ədəbiyyatını dünyaya tanıtmaq istiqamətində davamlı tədbirlər həyata keçirilir. Mustay Kərimin türk dillərinə tərcümə olunmuş poeziya nümunələrinin yer aldığı kitab şairin yaradıcılığına ehtiramın ifadəsidir.

Başqırdıstan Yazıçılar Birliyinin sədri Zəki Əlibəyov Azərbaycanda şairin yaradıcılığına olan diqqətdən məmnun qaldığını dedi.

Milli Məclisin deputatı, akademik Nizami Cəfərov qeyd etdi ki, Mustay Kərim mənsub olduğu xalqın təkcə ədəbiyyatını yaratmayıb, o həm də başqırd mənəviyyatını zənginləşdirib.

Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri, yazıçı-dramaturq Elçin Hüseynbəyli vurğuladı ki, Rəsul Həmzətov Dağıstanda, Musa Cəlil Tatarıstanda, Səməd Vurğun Azərbaycanda necə məşhurdursa və necə sevilirsə, Mustay Kərim də Başqırdıstanda o dərəcədə sevilir.

Professor Qəzənfər Paşayev Azərbaycanla Başqırdıstan arasında elmi, ədəbi əlaqələrdən söz açdı.

Başqırdıstan Milli Kitabxanasının direktor müavini Lutsia İliasova şairin ədəbiyyata gəlişi, çap olunan ilk şeirləri və kitabları, zəngin poeziyası haqqında məlumat verdi.

Konfransda daha sonra professorlar Nizami Tağısoy, Məmməd Əliyev, filologiya elmləri doktoru Ramiz Əskər və başqaları çıxışlarında böyük başqırd şairinin zəngin yaradıcılığından, türkdilli xalqlar arasında əlaqələrin güclənməsində oynadığı roldan danışdılar. Bildirildi ki, Mustay Kərim zəngin yaradıcılığı ilə mənsub olduğu xalqın ədəbiyyat dünyasını zənginləşdirib.

SAVALAN