Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən ikinci Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində sentyabrın 29-da Şamaxı Tarix-Diyarşünaslıq Muzeyində “Şamaxı antologiyası” əlyazmasına dair sərginin təqdimatı olub.
Türkiyə, Çin, Rusiya, Əfqanıstan, İndoneziya, Fransa, İngiltərə və digər ölkələrdən olan 150 nəfərdən çox festival iştirakçısının qatıldığı mərasimi rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov açaraq qonaqları Nəsimi yurdunda salamlamaqdan şərəf duyduğunu bildirib.
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustadlarından olan İmadəddin Nəsimi və onun kimi mütəfəkkirlərin yaradıcılığının tədqiqi və təbliği sahəsində həyata keçirilən layihələrdən danışıb.
Təbriz İslam Sənət Universitetinin professoru Kərim Mirzay miniatür sənətinin incəliklərindən, bu sənətin tarixi inkişafından danışıb.
Qeyd edək ki, əlyazma 1468-ci ilə aiddir və hazırda Londondakı Britaniya Kitabxanasında (Britannica Library) saxlanılır. Əlyazmada 12 farsdilli şairin seçilmiş əsərləri toplanılıb. Onlardan bizə Kamal Xocəndi, Hafiz Şirazi, Əbdürrəhman Cami, Əmir Xosrov Dəhləvi, Şahi Sibzavari məlumdur. Əlyazma gözəl nəstəliq xətti ilə hər birində üç qəzəl olmaqla iki sütuna köçürülüb.
Açılış mərasimində Əfqanıstanın “Detache” və Azərbaycanın “İnci” ansambllarının birgə çıxışları festival iştirakçılarında xoş ovqat yaradıb.