Alman alimin Nəsimi haqqında kitabı təqdim edilib
Sentyabrın 28-də Şirvanşahlar sarayında Nəsimi festivalı çərçivəsində tanınmış almaniyalı türkoloq, nəsimişünas alim Mixael Hessin “Məndə sığar iki cahan. Azərbaycanın ölməz şairi İmadəddin Nəsimi” kitabının təqdimatı keçirilib.
Tədbirdə çıxış edənlər mütəfəkkir şairin irsinin araşdırılmasının davam etdirilməsini mədəni-mənəvi dəyərlərin öyrənilməsi baxımından yüksək qiymətləndiriblər. Qeyd olunub ki, monoqrafiya Nəsimi irsinə həm dünya alimlərinin, həm də daha geniş auditoriyanın diqqətinin cəlb olunmasında böyük rol oynayacaq. 260 səhifəlik kitab Almaniyanın “Gulandot” nəşriyyatında işıq üzü görüb.
Kitab İmadəddin Nəsiminin həyatına misilsiz metodoloji yanaşmanı və onun işlərinin şərhini təqdim edir. Bununla yanaşı, nəşrdə çoxlu sayda elmi tezislər və nəticələr də yer alıb. Nəşr BP şirkətinin dəstəyi ilə işıq üzü görüb.
Təqdimatda çıxış edən “BP-Azərbaycan”ın əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, şirkət ölkənin zəngin mədəni irsinin və milli dəyərlərinin təbliğinə yönəlmiş təşəbbüsləri və fəaliyyətləri həmişə dəstəkləyib.
Konsert proqramı ilə davam edən tədbirdə Nəsiminin qəzəllərinə yazılmış musiqilər səsləndirilib.