Mədəniyyət naziri Əbülfəs Qarayev oktyabrın 2-də İsveçrə, Böyük Britaniya və Xorvatiyanın ölkəmizə yeni təyin olunmuş səfirləri ilə görüş keçirib.
İsveçrə Konfederasiyasının fövqəladə və səlahiyyətli səfiri xanım Muriel Peneveyre ilə görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Əbülfəs Qarayev 2018-ci ilin yanvar ayında Davos şəhərində keçirilən Mədəniyyət Nazirləri Konfransında iştirakını xatırlayaraq səfər çərçivəsində İsveçrə Konfederasiyasının prezidenti Alain Berset ilə görüşü barədə məlumat verib.
Ölkələrimiz arasında mövcud mədəni əlaqələri yüksək qiymətləndirən səfir Muriel Peneveyre əməkdaşlığın inkişafı üçün perspektivlərin olduğunu qeyd edib.
***
Nazir Əbülfəs Qarayevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Ceyms Şarp ilə görüşündə ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlıq məsələlərinə toxunulub. Bu sahədə əlaqələrin daha da genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
Əbülfəs Qarayev Böyük Britaniyaya səfərlərini xatırladıb, bu ilin fevral ayında gerçəkləşən növbəti səfəri çərçivəsində bir sıra rəsmilərlə görüşlər keçirdiyini qeyd edib.
Britaniya Şurası (“British Council”) ilə sıx əməkdaşlıqdan bəhs edən nazir mədəniyyət və yaradıcı sənayelərin inkişaf etdirilməsi sahəsində Britaniya təcrübəsinin yaxından öyrənildiyini deyib. Əbülfəs Qarayev onu da diqqətə çatdırıb ki, Britaniyaya son səfəri zamanı Mədəniyyət Nazirliyi ilə “British Council” arasında növbəti beş il müddətində əməkdaşlığa dair fəaliyyət proqramını müəyyən edəcək niyyət sazişi imzalanıb.
Səfir Ceyms Şarp əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edərək əlaqələrin daha da inkişaf edəcəyinə inamını bildirib.
***
Xorvatiya səfiri Branko Zebiçlə görüşdə Əbülfəs Qarayev 2018-ci ilin sentyabr ayında Prezident İlham Əliyevin bu ölkəyə səfəri zamanı “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Xorvatiya Respublikasının Mədəniyyət Nazirliyi arasında 2019-2021-ci illər üçün mədəni əməkdaşlıq proqramı”nın imzalandığını bildirib.
İki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin səviyyəsindən məmnunluğunu ifadə edən nazir bu proqrama uyğun olaraq yeni layihələrin həyata keçirilməsinin nəzərdə tutulduğunu deyib.
Nazir həmçinin Mədəniyyət Nazirliyinin 2020-ci ilin may ayında Xorvatiyanın Riyeka şəhərinin “Avropanın mədəniyyət paytaxtı” elan olunması çərçivəsində keçiriləcək tədbirdə fəal iştirak edəcəyini bildirib.