Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 10-15 oktyabr tarixində Albaniyanın Elbasan şəhərində keçiriləcək XXI “Skampa 2019” Beynəlxalq Müasir Teatr Festivalında iştirak edəcək.

Teatr albaniyalı rejissor Adonis Filippin bədii rəhbərliyi ilə ərsəyə gələn festivala Samuel Bekketin “Qodonun intizarında” pyesi əsasında hazırlanan eyniadlı tamaşa ilə qatılacaq.

Xalq artisti, professor Fərəc Qarayev tərəfindən dünyada ilk dəfə simfonik musiqi bəstələnən bu əsər ötən mövsümdən teatrın repertuarına daxil olub. Tamaşanın bədii rəhbəri teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, quruluşçu rejissoru Mədəniyyət və İncəsənət Universitetinin magistr diplomçusu Yunis Vəlipurdur.

Səhnə əsərinin quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri əməkdar artistlər – Zakir və Yelena Ağayevlər, konsertmeysteri Nərminə Əbdürəhmanova, səhnə tərtibatçısı Qabil Gözəlov, rejissor assistenti Əliməmməd Novruzovdur.

Rolları əməkdar artistlər Əzizağa Əzizov, Şövqi Hüseynov, aktyorlar Əliməmməd Novruzov, Hüseyn Əlili və Hüseyn Nağıyev ifa edirlər.

Tamaşa dekabr ayında Təbriz şəhərində keçiriləcək teatr festivalına da dəvət alıb.