Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 10 aprel tarixli sərəncamına uyğun olaraq görkəmli mütəfəkkir, dövlət xadimi, XX əsrin əvvəllərində milli oyanış hərəkatının öncüllərindən olan Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi ölkəmizdə geniş qeyd edilir.
Oktyabrın 2-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Əhməd bəy Ağaoğluna həsr olunmuş beynəlxalq simpozium işinə başlayıb.
Muzeyin direktoru, akademik Nailə Vəlixanlı tədbiri açaraq Ə.Ağaoğlunun Azərbaycanın və bütövlükdə türk dünyasının ictimai-siyasi fikir tarixində yeri və rolu haqqında danışıb. Qeyd olunub ki, Ə.Ağaoğlu Şuşada doğulub. Tiflisdə təhsil alıb, oxumaq üçün Rusiyaya, oradan Fransaya yollanıb. Sorbonna Universitetində təhsil aldıqdan sonra Azərbaycana qayıdıb. Maarifçi, publisist, ictimai xadim kimi tanınıb. Xalq Cümhuriyyəti dövründə Zəngəzurdan Azərbaycan Parlamentinə millət vəkili seçilib. Sonradan Ə.Ağaoğlu Türkiyədə fəaliyyətini davam etdirərək mühüm dövlət vəzifələrində çalışıb.
Diqqətə çatdırılıb ki, simpoziumun işində Ə.Ağaoğlunun Türkiyədə yaşayan qohumları – nəticəsi Əhməd Ağaoğlu, bacısı nəvəsi professor Yasemin İnceoğlu Giritli, əmisinin nəticəsi Yeşim Ağaoğlu da iştirak edirlər.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Ə.Ağaoğlunun zəngin irsinin öyrənilməsinin və populyarlaşdırılmasının vacibliyindən danışıb, bu xüsusda beynəlxalq elmi simpoziumun əhəmiyyətini vurğulayıb. O, Əhməd bəyin milli oyanış hərəkatının daim ön sıralarında dayanan vətənpərvər şəxsiyyət, zamanında erməni fitnəkarlığının qarşısının alınması, erməni və digər düşmən mövqeli xristian milyonerlərin səyi ilə Bakı əhalisinin köçürülməsi niyyətinin həyata keçməməsində xidmətlərini vurğulayıb.
Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxışında Ə.Ağaoğlunun Azərbaycan və Türkiyənin ictimai-siyasi həyatında rolundan, apardığı milli mücadilənin müxtəlif aspektlərindən, onun alim, hüquqşünas, müxbir, millət fədaisi, türk birliyinin müdafiəsi istiqamətində fəaliyyətindən danışıb. Bildirib ki, hər iki ölkədə bir neçə qəzetin təsisçisi və redaktoru olmuş Ə.Ağaoğlu yazılarında həmişə Şuşanı xatırlayıb və ömrünün sonunadək nitqində Qarabağ ləhcəsini qoruyub saxlayıb.
Çıxışlarda Ə.Ağaoğlunun irsinin oxuculara çatdırılmasında Azərbaycanın Macarıstandakı səfiri, professor Vilayət Quliyevin araşdırmalarının əhəmiyyəti xüsusi qeyd edilib.
Görkəmli mütəfəkkirin bacısı nəvəsi, professor Yasemin İnceoğlu Giritli Ə.Ağaoğlunu Azərbaycan və Türkiyə üçün önəmli ideoloq və cəsarətli publisist kimi xarakterizə edib və tədbirin təşkilinə görə minnətdarlığını bildirib.
Qeyd edək ki, Azərbaycan, İran, Niderland, Rusiya, Türkiyə alimlərinin iştirak etdiyi simpoziumda 30-dan artıq elmi məruzə dinlənilib. Ə.Ağaoğlunun Azərbaycanda və Türkiyədə ictimai-siyasi fəaliyyəti, türkçülük ideologiyasının formalaşmasında xidmətləri, Şərqdə müasirləşmə problemlərinə baxışı, Ağaoğlular nəslinin Türkiyənin ictimai-siyasi həyatında rolu və s. mövzular ətrafında müzakirələr aparılıb.