Bakıda keçirilən “LiFFt 2019” IV Avrasiya Ədəbiyyat Festivalının beynəlxalq spikerlərindən biri tanınmış  qazax şairi, yazıçı, alim, ictimai xadim Oljas Süleymenovdur.

Oktyabrın 2-də Azərbaycan Milli Kitabxanasında Oljas Süleymenovla görüş keçirilib.

Direktor Kərim Tahirov məşhur şair və yazıçının Milli Kitabxanaya baş çəkməsindən məmnun olduğunu ifadə edib. Bildirib ki, Oljas Süleymenovun əsərləri hər zaman Azərbaycan oxucusu tərəfindən maraqla qarşılanıb, ədəbi-bədii yaradıcılığı yüksək qiymətləndirilib.

Kərim Tahirov onu da diqqətə çatdırıb ki, bu günlərdə keçirilən VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Milli Kitabxanada beynəlxalq əməkdaşlıq zalının açılış mərasimi keçirilib. 13 ölkənin ədəbiyyatına dair yaradılmış daimi guşədə qazax ədəbiyyatı da yer alıb.

Oljas Süleymenov Azərbaycan Milli Kitabxanasında olmasından məmnunluğunu ifadə edərək, ölkəmizə və xalqımıza olan sevgisini dilə gətirib, Azərbaycan oxucusunun qazax ədəbiyyatına verdiyi dəyərə görə minnətdarlığını bildirib.

Qonağa Milli Kitabxana və ölkəmizin mədəni irsi ilə bağlı albom-nəşrlər və Oljas Süleymenovun Azərbaycan dilində çap olunmuş “Az-Ya” kitabı təqdim edib.

Oljas Süleymenov da öz imzalı kitablarını Milli Kitabxanaya hədiyyə edib.

***

Bakı Kitab Mərkəzində də tanınmış şair, Qazaxıstanın Xalq yazıçısı Oljas Süleymenovla görüş keçirilib.

Yazıçılar Birliyinin katibi, şair, yazıçı-publisist İlqar Fəhmi gecəni açaraq ölkəmizə gəldiyinə və Azərbaycan xalqına həmişə səmimi münasibət bəslədiyinə görə qonağa təşəkkür edib. Qeyd edib ki, ölkəmizdə Oljas Süleymenovun yaradıcılığına böyük maraq var. Onun kitabları böyükdən-kiçiyə hamı tərəfindən sevgi ilə oxunur.

Oljas Süleymenov tədbirdə çıxış edərək bildirib ki, ölkəmizə həmişə böyük sevinc hissi ilə gəlir, çünki onu Azərbaycanın bir çox görkəmli yazıçıları və incəsənət xadimləri ilə çoxillik dostluq əlaqələri bağlayır.

Xalq yazıçısı, millət vəkili Elmira Axundova, Xalq yazıçısı Natiq Rəsulzadə və digər çıxış edənlər Oljas Süleymenovun Azərbaycanla sıx bağlılığı, zəngin yaradıcılığı ilə türk dünyası və dünya ədəbiyyatına töhfələrindən söz açıblar.

Sonra qonaq oxucuların suallarına cavab verib.