Dəyirmi masada birgə əməkdaşlıq müzakirə olundu
Bakıda keçirilən Avrasiya Xalqlarının Assambleyası günləri çərçivəsində oktyabrın 2-də Beynəlxalq Muğam Mərkəzində dəyirmi masa təşkil edildi. Tədbir “Avrasiya xalqlarının mədəni irs ənənələri” mövzusuna həsr olunmuşdu.
Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov tədbirin əhəmiyyətindən söz açaraq bildirdi ki, müzakirənin məqsədi Avrasiya xalqlarının zəngin mədəni irsinin təbliği, mədəniyyət və incəsənət ustaları arasında yaradıcı əlaqələrin genişləndirilməsidir.
Avrasiya Xalqlarının Assambleyası Beynəlxalq Mədəni Əməkdaşlıq Şurasının sədri Elmira Şerbakova qeyd etdi ki, bu cür görüşlər xalqların mədəniyyətlərinin qarşılıqlı zənginləşməsinə, peşəkar ünsiyyət imkanlarının genişləndirilməsinə şərait yaradır.
Dəyirmi masada musiqişünaslar – sənətşünaslıq üzrə fəlsəfə doktoru Sənubər Bağırova “Azərbaycan musiqisi muğam kontekstində”, Əməkdar incəsənət xadimi Sürəyya Ağayeva “Azərbaycan türklərinin musiqi mədəniyyəti Qədim və Orta əsr dövrlərində” mövzulu məruzələrlə çıxış etdilər.
Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, Avrasiya Televiziya və Radio Akademiyasının prezidenti Valeri Ruzin, assambleyanın Hindistan üzrə müşaviri Sinqx Dalbir, təşkilatın baş katibliyi rəhbərinin müavini Larisa Trunina və digərləri çıxış edərək mədəniyyət sahəsində birgə fəaliyyətin zəruriliyini qeyd etdilər. Vurğulandı ki, Avrasiyanın çoxmillətli ailəsi həm də mədəni müxtəlifliyi ilə seçilir və bu müxtəlifliyi araşdırmaqla bərabər, gələcək nəsillərə ötürməli, qorumağı bacarmalıyıq.
Dəyirmi masa müasir dövrdə iqtisadi inkişafın mədəniyyətə təsiri mövzusunda müzakirələrlə davam etdi.
Lalə AZƏRİ