Mədəniyyət naziri Əbülfəs Qarayev oktyabrın 2-də türkiyəli rəssam və heykəltəraş Ahmet Güneştekin ilə görüşüb.
Nazir Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində Heydər Əliyev Mərkəzində açılan “Yaddaşın əlifbası” adlı fərdi sərgisi münasibətilə rəssamı təbrik edib, sərgi haqqında fikirlərini bölüşüb. Qeyd edib ki, sərgidə nümayiş olunan əsərlər xoş əks-səda doğurub. Ölkəmizdə belə sərgilərin keçirilməsini yüksək qiymətləndirən nazir rəssamın gələcəkdə də bu kimi layihələrdə iştirakına dəstək göstəriləcəyini bildirib.
Ahmet Güneştekin qəbula görə nazirə təşəkkürünü bildirib, Azərbaycanda olmağından böyük məmnunluq duyduğunu ifadə edib.
Qeyd edək ki, Türkiyə müasir incəsənətinin tanınmış simalarından olan Ahmet Güneştekin 1966-cı ildə Batmanda anadan olub. 1997-ci ildə İstanbulda emalatxana-studiyasını açıb. 2003-cü ildə ilk dəfə İstanbuldakı Atatürk Mədəniyyət Mərkəzində fərdi sərgisi təşkil edilib. 2010-cu ildə İstanbulda “Güneştekin” Sənət Mərkəzi yaradılıb.
Sənətkarın Ankara, İzmir, Venesiya, Nyu-York və s. şəhərlərdə sərgiləri təşkil olunub, maraqlı instalyasiyaları təqdim edilib.