Nazirlər Kabinetinin müvafiq qərarı ilə “Kitabxanaların çap məhsullarının pulsuz məcburi nüsxələri ilə təchizatı Qaydası” təsdiq edilib. Qayda Azərbaycan ərazisində olan və (və ya) fəaliyyət göstərən nəşriyyatlara, qəzet və jurnal redaksiyalarına, nəşriyyat işi ilə məşğul olan poliqrafiya müəssisələrinə və digər hüquqi şəxslərə şamil olunur. Kitabxanaların çap məhsullarının pulsuz məcburi nüsxələri ilə təchizatına nəzarəti Mədəniyyət Nazirliyi həyata keçirir.
Sənədə əsasən, aşağıdakı çap məhsulları üçün məcburi nüsxələr kitabxanalara təqdim edilməlidir: kitab, almanax və kitabçalar; dövri mətbuat materialları, qəzet və jurnallar; avtoreferat, monoqrafiya və dissertasiyalar; not yazıları, albom və statistik materiallar; xəritə, atlas və kartoqrafik materiallar; afişa, plakat və bukletlər; broşür, bülleten, açıqca və poçt markaları; dərsliklər, dərs vəsaitləri və proqramlar; özündə elmi, ədəbi və informativ məlumatları ehtiva edən digər nəşrlər.
Reklam və təbliğat məqsədilə çap edilən bütün növ nəşr məhsulları məcburi nüsxə hesab olunmur.
Məcburi nüsxələr kitabxanalara birbaşa və ya poçt rabitəsi vasitəsilə təqdim olunur. Məcburi nüsxələrin elektron variantı kitabxanaların saytlarında qeyd olunan ünvana elektron poçt və ya elektron daşıyıcılar vasitəsilə təqdim edilir.
Kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı ilə bağlı tələblərin pozulmasına görə İnzibati Xətalar Məcəlləsində müvafiq məsuliyyət nəzərdə tutulub.