Oktyabrın 1-də Heydər Əliyev Mərkəzində II Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində Türkiyənin tanınmış rəssamı Ahmet Güneştekinin “Yaddaşın əlifbası” adlı fərdi sərgisi açılıb.
Ekspozisiyada müəllifin 20-dən çox əsəri nümayiş olunur. Sərginin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.
Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov mərasimdə çıxış edərək bildirib ki, Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ikinci dəfə keçirilən Nəsimi festivalı çərçivəsində müxtəlif mədəniyyət ocaqlarında təşkil edilən 50-yə yaxın tədbir öz rəngarəngliyi ilə seçilib.
Türkiyəli heykəltəraşın sərgisinin də böyük marağa səbəb olacağını vurğulayan A.Ələkbərov diqqətə çatdırıb ki, ekspozisiyada müəllifin Azərbaycan xalqının ümummilli liderinə həsr etdiyi “Heydər Əliyevin xatirəsinə” adlı əsəri də yer alıb. Rəssamın dahi şəxsiyyətə heyranlığı və hörmətinin nəticəsi kimi ərsəyə gələn əsər qarışıq texnikada işlənib.
Belə bir möhtəşəm mərkəzdə sərgisinin açılmasından məmnunluğunu ifadə edən Ahmet Güneştekin paytaxtımızı mədəniyyət şəhəri kimi dəyərləndirib. “Memarlıq baxımından dünyada tayı-bərabəri olmayan belə bir mərkəzdə sərgimin açılması məni çox qürurlandırır.
İlk dəfə Heydər Əliyev Mərkəzini görəndə çox heyrətləndim.
Bura nadir bir məkandır. Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevə vəfa borcu kimi bir əsər həsr etdim. Bu əsərimlə çalışmışam ki, Azərbaycan tarixini və Heydər Əliyev şəxsiyyətini əks etdirim. Bu il, eyni zamanda Azərbaycanda “Nəsimi ili”dir. Nəsimi dahi söz xiridarıdır. Nəsiminin nadir şəxsiyyətindən və poetik irsindən ilhamlanaraq əsər yaratdım və bununla festivala öz töhfəmi vermək istədim”, - deyə rəssam qeyd edib.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.
Ekspozisiyada rəssamın İmadəddin Nəsimiyə həsr etdiyi “Recm Nasimi” əsərində sufiliyin ədəbi və fəlsəfi qolu olan hürufiliyin ehkamları əks olunur. Sərgilənən işlər arasında rəssamın məşhur “Ölümsüzlük otağı” da var. Əsər Heydər Əliyev Mərkəzinin binası önündə nümayiş olunur. Rəssam “Ölümsüzlük otağı”nı Şanlıurfa şəhərinin şimal-şərqində yerləşən Göbəkli təpədə aşkar edilmiş arxeoloji tapıntıların təsiri ilə yaradıb. “Gilqameş dastanı” və “Nuh tufanı” əfsanəsi onun əsas ilham mənbələri olub. Böyük əks-səda doğuran əsər ilk dəfə 2018-ci ildə nümayiş etdirilib. Rəssam “Ölümsüzlük otağı” üzərində müxtəlif peşəyə sahib 130 nəfərlə birgə çalışıb. Onun hazırlanmasında 35 ton alüminiumdan istifadə olunub.
Rəssamın Heydər Əliyev Mərkəzindəki sərgisi 2020-ci il martın 31-dək davam edəcək.