Görkəmli teatr rejissoru Georgi Tovstonoqovun bir vaxtlar söylədiyi “Maskarad”, söz yox ki, yaxşı pyesdir, amma o, bu gün mənə aktual görünmür” sözlərini qeyd-şərtsiz qəbul etdiyim üçün təəssüf hissi keçirdim. Və bunun səbəbkarı Valeri Fokin oldu. Çünki onun rəhbərlik etdiyi teatrın səhnəsində qoyduğu Mixail Lermontovun sözügedən əsərinin tamaşası çoxları kimi məni də təəccübləndirdi; əvvəlki mövqeyimin mütləq nüfuz sahibi olan bir şəxsin əzəmətinin təsiri ilə yarandığının yanlışlığı mənə xəcalət hissi yaşatdı.

2017-ci ilin repertuarına daxil edilən həmin tamaşa M.Lermontovun sözügedən pyesinin elə bu teatrın səhnəsində oynanılmasının 100 illiyi münasibətilə hazırlanmışdı. Hər halda bəlli olan və Rusiyanın teatr həyatında dolaşan xəbərlərə görə, tamaşanın həmin tarixi hadisəyə həsr edilməsi şübhəsiz idi. Amma burada tarixi, mistik, varislik, estetik mətləblər də görmək olardı.

Hər şeydən əvvəl ona diqqət yetirək ki, V.Fokin istər şəxsiyyəti, istər yaradıcılığı, istərsə də bütövlükdə fəaliyyət miqyası etibarilə asan anlaşılan teatr xadimlərindən deyil, istedad və intellekt baxımdan olduqca mənalıdır. Yəni onun təqdim etdiyi bu işinin növbəti tamaşa olduğunu yalnız sadəlövh adam düşünə bilər. Ən azı ona görə ki, çoxdandır V.Fokinin quruluş verdiyi heç bir tamaşası növbəti repertuar tamaşası kimi qəbul edilmir, hər dəfə uğurlu mədəniyyət faktı sayılır. Amma bu da var ki, “Maskarad” bütün mənalarda fərqlidir və onun yeni səhnə təcəssümü həm bu teatrın tarixinə, həm tamaşanın yüz il bundan əvvəlki müəllifinin şəxsiyyətinə və sənət irsinə sonsuz ehtiramın bədii səhnə təzahürüdür. Başqa sözlə desək, V.Fokin və onun yaradıcı heyəti öz teatrlarının tarixinə və sənət mirasına sahib çıxmağın haqqını, eləcə də qürurunu nümayiş etdirdilər.

Qeyd edilən tarix və miras bundan ibarətdir ki, 1917-ci ildə “Maskarad” tamaşası o zaman Aleksandrinsk, yaxud Rusiya cəmiyyətində “İmperator teatrı” adlanan səhnədə qeyri-adi istedad sahibi olan, ipə-sapa yatmayan yaradıcılıq iddiaları ilə tanınan rejissor Vsevolod Meyerhold tərəfindən hazırlanmışdı. O dövrün mürəkkəb tarixi prosesləri, 1917-ci ilin fevral çevrilişinin gərginliyini yaşayan Peterburq cəmiyyətinə Lermontovun pyesinin tamaşasını təqdim etməyin özü böyük hünər hesab edilirdi. Başqa bir önəmli cəhət, o zaman və sonrakı onilliklər ərzində təkcə rus və sovet teatrı üçün deyil, dünya teatr mədəniyyəti, konkret olaraq rejissor sənəti üçün fövqəladə əhəmiyyət kəsb edən, prinsipcə yeni teatr fəlsəfəsinin yaranması ilə bağlı idi ki, illər keçdikcə daha da cilalanan, daha geniş tanınma miqyası qazanan həmin mirasın əsl sahibi V.Fokinin rəhbərlik etdiyi teatr hesab edilir. Məhz bu teatrda uzun illərdir ki, “Meyerhold Mərkəzi” fəaliyyət göstərir və bu mərkəzdə Meyerholdun sənət irsi öyrənilir, tətbiqi üsulları təkmilləşdirilir. Odur ki, teatrın yüz ildən sonra “Maskarad” pyesinə yenidən müraciət etməsi tamamilə təbiidir. Amma burada bir qədər usta yanaşma faktı diqqət çəkir. Məsələn, tamaşanın adının “Maskarad”, elə altındaca “gələcəyin xatirələri” kimi yazılmasının özü istər teatral, istərsə də ilk dəfə əlinə proqramı alan tamaşaçının marağını alovlandırır. Keçmişin xatirələri bəlli məntiqə söykənir və bu səbəbdən adi qəbul edilir. Bəs gələcəyin, yəni hələ yaşanmayan məqamların xatirələri necə ola bilər?! Sən demə, ola bilərmiş və V.Fokin çoxlarının ağlına gəlməyən sadə, amma bədii həqiqətlə bunu sübut edir. Əslində, sübut sözü burada heç yerinə düşmür, çünki V.Fokin buna bir o qədər də cəhd etmir. Belə görünür ki, o öz niyyətini bəyan edir, inanmaq, ya inanmamaq, qəbul etmək, yaxud opponent mövqeyində durmaq tamaşaçının öz işidir. Mühüm olan odur ki, V.Fokin “Maskarad”ı gələcəyin xatirələri kimi görür, tamaşaçının da onu belə görməsi üçün imkan yaradır.

Rejissor həmçinin bu tamaşanın Lermontovun dramı və Meyerholdun 1917-ci ildəki tamaşası əsasında hazırlandığını qeyd etməyi də lazım bilir. Bəlkə elə biz də bu tamaşa ilə bağlı mülahizələrimizə Meyerholdun 1917-ci ildə hazırladığı tamaşa ilə təəssüratlardan başlayaq? Üstündən yüz ildən artıq bir zaman, “əsrə bərabər gün” keçməsinə baxmayaraq, unudulmayan həmin “Maskarad”, görəsən, nə ilə əlamətdar olmuşdur?

Bu barədə çox yazılıb, həm də bir-birinə zidd olan müxtəlif mövqelərin, baxışların məhsulu kimi mətbuata və teatr aləminə yol tapan həmin fikirləri bir kənara qoyub, əsas məsələləri nəzərdən keçirmək yəqin ki, daha faydalı olar.

1917-ci ilin fevral ayında həmin bu teatrın, bayaq qeyd etdiyimiz kimi, adına bəzən “İmperator teatrı” deyilən Aleksandrinsk teatrının pərdələri “Maskarad” tamaşasının nümayişi üçün açıldı. Bəzi yazılarda tamaşanın məşhur aktyor Y.Yuryevin benefist üçün, bəzilərində isə Lermontovun 100 illik yubileyi münasibətilə hazırlandığı bildirilirdi. Bunlar dəqiqləşdirilməsi gərəkən mətləblər olsa da, bizim üçün önəmli olan başqa faktlar var. Belə ki, Meyerholdun “Maskarad” üzərində 1908-ci ildən 1917-ci ilə qədər zaman sərf etməsi, bundan 6 ili təkcə aktyorlarla işə ayırması, rəssam A.Qolovinlə, bəstəkar A.Qlazunovla bərabər möhtəşəm bir səhnə məhsulunu ərsəyə gətirməsi daha dəyərlidir.

Üç yüz min qızıl pul vəsaiti hesabına hazırlanan bu tamaşanın səhnə mizanlarını Meyerhold əvvəlcə kağız üzərində çəkmiş, onun tərtibat xüsusiyyətlərinin ideya-funksional əhəmiyyəti barədə A.Qolovinlə uzun söhbətlər etmiş, burada istər rəssamı, istərsə də bəstəkarı səhnədə bədii oyun mühitini yaratmağa yönəltmişdir. Müəllifin dörd pərdəyə böldüyü pyes konseptual yozuma uyğun olaraq beş hissəyə ayrılmış və rəssam tərəfindən hər bir hissə üçün ayrıca əlvan bəzəkli pərdələr hazırlanmışdı. Rejissorun niyyətinə görə, tamaşanın atmosferi rəmzi-mistik olmaqla kübar cəmiyyətin maskarad hərc-mərcliyindəki kaleydoskopik münasibətlərini aşkarlamalı idi. Bəstəkar A.Qlazunovun tamaşaya yazdığı musiqi həmin maskarad mühitinin dəyişən ovqatını gah mazurka, gah kadril rəqslərinin şövqündə kübarlığın əxlaqi-mənəvi aləminin səhnə vasitələri ilə səhnə-səhnə açılmasına xidmət edirdi. Bu zaman tamaşanın sinkretikliyi - rəqs, oxuma, pantomim, dramaturji və s. bədii yaradıcılıq elementləri rejissorun fikrinə işləyirdi.

Heç şübhə yoxdur ki, yuxarıda qeyd etdiyimiz kimi adı Meyerholdla yanaşı çəkilən (və bu tamaşanın Aleksandrinsk teatrında hazırlanmasının səbəbkarı olan) A.Qolovinin tərtibat işi təsəvvür edilməyəcək dərəcədə mürəkkəb olmuşdur.

Hər an sancmağa hazır olan arıların pətəyini xatırladan maskalılar yığnağı, təbiidir ki, kütləvi səhnənin iştirakçı çoxluğunu tələb edirdi və Meyerhold rəssamla apardığı iş prosesində buna xüsusi diqqət ayırmağı tapşırırdı. Odur ki, tamaşanın baş qəhrəmanlarından başqa daha iki yüz iştirakçı üçün geyim eskizləri hazırlamaq, həmin eskizlərin içərisindən ən uyğun olanları seçmək və həmin geyimləri dövrün dəblərinə müvafiq şəkildə süsləndirib tikilməsi sadə məsələ deyildi. Bura onu da əlavə edək ki, müxtəlif xalqlara məxsus səhnə obrazlarının içərisində

Del`Arte komediyasından tanıdığımız Pulçinella, Pyero, Kolombino, həmçinin qoca cadugər, qozbel təlxək Nurraddin və b. geyimləri A.Qolovinin tərtibat həllində özünəməxsus koloriti ilə seçilirdi. Ən əsası Meyerholdun quruluşundakı “Maskarad” rəssamla qibtəedici yaradıcılıq əməkdaşlığının uğurlu nəticəsi kimi də dəyərli bir səhnə işi idi.

Bu yerdə başqa bir tarixi-mədəni faktı da xatırlayaq ki, Meyerholdun “Maskarad” tamaşasının ömrü onun öz ömründən çox olsa da, sonralar bəzi dəyişikliklərə əlavə və ixtisarlara məruz qalmış, teatr tədqiqatçılarının rəyinə görə, nəticə əsərin və tamaşanın zərərinə olmuşdur. Təkcə onu qeyd etmək kifayətdir ki, 1941-ci ildə, yəni Meyerholdun faciəli ölümündən sonra tamaşanın rejissor P.Petrov tərəfindən bərpası zamanı kütləvi maskarad səhnəsindəki iştirakçıların sayı minimuma endirilərək kiçik pantomima səhnələri kimi təqdim edilmiş, əsas qəhrəmanlardan biri olan Arbenin obrazının ifası isə tanınmaz dərəcədə sadələşdirilmişdir. Bu isə nə az, nə çox, Meyerholdun əfsanəvi tamaşasının bir zamanlar yaratdığı parlaq təəssüratların üzərinə kölgə salmaq cəhdinə bənzəyirdi. Halbuki həmin tamaşanı seyr edənlərin böyük bir qismi hələ həyatda idilər və onların estetik yaşantıları hələ də xatirələrdə idi.

Bizim nəslə öyrədilən tarix dərslərində Fevral burjua inqilabı kimi adlandırılan çevriliş ərəfəsində baş tutan həmin tamaşa o zaman qeyri-adi quruluşları, başgicəlləndirən ideyaları, teatr islahatları ilə cəmiyyətdə birmənalı qarşılanmayan rejissor Meyerholdun arzusunda olduğu Aleksandrinsk səhnəsində quruluş verdiyi “Maskarad”ı əsl sənət inqilabı hesab etmək olar.

Meyerholdun niyə məhz 26 yaşlı Lermontovun yazdığı “Maskarad” dramını seçməsi də müxtəlif suallar doğurur, çünki süjeti sadəlövh qarşıdurma və anlaşılmazlıq üzərində qurulan bu pyes onun əvvəlki tamaşalarının ədəbi məzmunu və ideya tutumu baxımdan xeyli fərqli idi. Və əsas konfliktin qısqanclıqla bağlı inkişaf xətti də bir qədər sadə təsir bağışlayırdı. Digər tərəfdən, əsərlərində ciddi dramatizm elementləri mövcud olsa da, öz zəmanəsində belə Lermontovu dramaturq hesab edənlərin sayı olduqca azdır. Amma görünən budur ki, Meyerhold həmin pyesdə gördüyünün izi ilə getməkdə haqlı imiş.

Maraqlıdır ki, “Maskarad” Meyerholdun M.Fedotova və V.Komissarjevskaya ilə baş tutmayan yaradıcılıq əməkdaşlığından sonra haqqında ən çox danışılan tamaşası idi. O da maraqlıdır ki, Peterburq teatr həyatında həmin tamaşanın müəllifi Meyerhold ilə bərabər onun səhnə tərtibatını vermiş A.Qolovinin də adı çəkilirdi. Və bu, üzəvarı nəzakət xatirinə deyildi. Çünki o dövrün şahidlərinin söylədiklərinə görə, “Maskarad”ın bədii ideyasının parlaq ifadəsi və Meyerholdun rejissor işini vizual olaraq ətə-qana gətirən səbəblərdən başlıcası məhz rəssam A.Qolovinin tərtibatı olmuşdu. Doğrudur, V.Fokinin tamaşasında arxa planda təmtəraqla işlənmiş asqı dekor, muzeylərə məxsus antikvar mebel, öz zəngin möhtəşəmliyi ilə boş səhnə məkanını dolduran beş müxtəlif pərdə olmasa da, qəribədir ki, burada mübhəm Meyerhold ruhu hiss olunurdu.

1917-ci ilin tamaşasındakı ədəbi səhnə mətninin fraqmentlərinin tarixi-sənədli rekonstruksiyası (sənətşünaslıq doktoru A.Çepurovun iştirakı ilə) aparılmış, A.Qlazunovun musiqisinə əlavə olaraq M.Qlinkanın “Vals-fantaziya” əsəri daxil edilmişdir. Teatrın təqdim etdiyi kimi, Meyerholdun “Maskarad” tamaşasının vizual obrazlarının, eləcə də quruluş prinsiplərinin, səhnə mizanlarının motivlərindən istifadə edilərək onun səhnəqrafik, musiqili-ritmik xüsusiyyətləri tam dəqiqliklə bərpa edilmişdir.

Gördüyümüz tamaşanın səhnəqrafiya müəllifi S.Pastux rejissor V.Fokinin konseptual ideya-estetik həllinə, bugünkü Aleksandrinsk teatrının texniki səhnə imkanlarına müvafiq olan, çağdaş bədii dizayn elementlərinə daha çox diqqət vermişdir. Belə ki, Meyerholdun məşhur tamaşasındakı ön planın sağ tərəfində Arbeninin evinin guşəsi üçün yer ayırmasından başqa, demək olar ki, bütün səhnə ərazisi bəzi detalları əlavə edilməklə, müxtəlif oyun meydanı üçün nəzərdə tutmuşdur. Amma rəssam ön tərəfdən səhnənin dərinliyinə qədər olan tədricən yüksələn ərazidə bir neçə şüşə “stəkan-vitrin” üçün yer qoymuş, beləliklə ayrı-ayrı səhnələrin, əsasən maskarad ovqatının hər tərəfi çulğalayan fantasmaqorik mühitinin ideya-bədii təsiri, eləcə də aktyor ifası üçün əlverişli oyun imkanı yaratmışdır. Bu isə özlüyündə o qənaətə gətirir ki, istər əvvəlki tamaşanın rəssamı A.Qolovin, istərsə də indikinin rəssamı S.Pastux başlıca olaraq Meyerholdun rejissor poetikasına müvafiqliyi, metaforik obrazlılıq estetikasının səhnə prinsiplərini əsas tutmuşlar. Ən dəyərli sayılacaq məqam budur ki, istər V.Fokin, istərsə də S.Pastux bir zaman oynanılan tamaşanın (nə qədər ehtiram bəsləsələr də) muzey ekspozisiyası kimi bərpasını yox, onun yüz ildən sonrakı gerçəkliyin yetişdirdiyi auditoriya üçün estetik enerji zənginliyini təlqin etmək niyyəti ilə çalışmışdır. Başqa sözlə desək, Meyerholda xas olanın V.Fokinə yad yox, doğma olduğu qənaəti gördüyümüz tamaşanın təlqin etdiyi ən önəmli fakt hesab edilə bilər. Belə ki, hər iki rejissora xas olan, onları doğmalaşdıran, sələf və varis münasibətlərini dəyərli edən budur ki, onlar səhnə reallığında zaman-məkan-hərəkət ölçülərini səhnə yaradıcılığı üçün başlıca meyar kimi qəbul edirlər.

Tamaşanın ekspozisiyasında qatar relslərinin taqqıltı səsləri fonunda ekssentrik oyun tərzində müxtəlif maskaların səhnədə görünməsi, “təəssüf ki, gecdir”, nidalarının pıçıltılardan başlayıb, bağırtılara qədər artması gələcəklə bağlı M.Bulqakovun “Ustad və Marqarita”sındakı “Anna artıq yağı dağıdıb” işarəsinə bənzər sonrakı hadisələrin determinizmi ehtiva edən qorxulu düşüncələrə yol açır. Rejissor qeyd etdiyim bədii eyhamlarla sanki öz auditoriyasını gələcək hadisələrə hazırlayır. Amma bu da var ki, biri digərinin ardınca davam edən hadisələr zəncirində o həm Meyerholdun məşhur tamaşasının 100 il bundan əvvəlki estetik ovqatını yaratmaqla həmin səhnə əsərinin rekonstruksiyası işini görməli, həm də günün “Maskaradı”nı təqdim etməlidir. Bu isə, razılaşaq ki, olduqca mürəkkəb işdir. Ən azı ona görə ki, nə Rusiya 100 il əvvəlki Rusiyadır, nə o özü Meyerholddur, nə S.Pastux A.Qolovindir, nə baş rolun ifaçısı P.Semak Y.Yuryevdir, nə bu gün bilet əldə etməyinin özündə məmnunluq hissi keçirib, salonda öz yerini tutan tamaşaçı o dövrün tamaşaçısıdır. Qısası, şairanə desək, “dəmlər o dəmlər” deyil. Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, ümumiyyətlə, “Maskarad”ın Aleksandrinsk teatrındakı əvvəlki iki tamaşasının hazırlanması tarixi az qala mistik təəssürat oyadır. Yəni, bu əsərin ilk tamaşası Lermontovun 100 illiyi münasibətilə, yəni 1914-cü ildə oynanılmalı idi, amma həmin ildə Birinci Dünya müharibəsinin başlanması səbəbilə işlər təxirə düşdü. 1917-ci ilin fevralında oynanılan “Maskarad” tamaşası dövlət çevrilişi – rus çarının taxt-tacdan imtinası ilə bir vaxta düşdü. Həmin tamaşanın Meyerholdun ölümündən sonra bərpa edilib oynanıldığı 1941-ci ildə isə İkinci Dünya müharibəsi başladı. Göründüyü kimi, faktları tutuşdursaq, bəzi “təsadüfi” tarixi hadisələrin üst-üstə düşdüyü üzərində düşünməli oluruq. Yəni adına mistika deyilən nəsnə bu deyilsə, nədir?! Yox, əgər burada elmi izahı olmayan hansısa neqativ enerjinin cövlan etdiyi faktı mövcuddursa, nə əcəb V.Fokin bundan ehtiyatlanmayıb? Yuxarıdakı mətləblərlə bağlı bir söz deyə bilməsək də, məhz V.Fokinin ehtiyatlanmadığı açıq-aşkardır.

O, pyesin müəllifinin epizodik surət kimi nəzərdə tutduğu “naməlum şəxs”dən bütün tamaşa boyu enerji daşıyıcısı kimi istifadə edir və bu, bütövlükdə rejissorun “ali məqsəd”inə uğurla “işləyir”. V.Fokin eklektikadan çəkinmir, Del`Arte estetikasından, qroteskdən, buffonadadan, eksentrikadan və pantomimdən yerli-yerində və ustalıqla bəhrələnir. Bu zaman biz dramatik aktyorların məharətli vokal və xoreoqrafiya imkanlarının nümayişinin şahidi oluruq. Meyerholdun heyrətamiz rejissor fəndgirliyi çoxmənalı və mürəkkəb səhnə mizanlarında ifadə tapırdısa, V.Fokin də istər ayrı-ayrı bədii parçaların, gəlişlərin səhnə həllində, istərsə də tamaşanın estetik arxitektonikasında, impulsiv energetikasında öz sələfinin yaradıcılıq niyyətilə səsləşməyə cəhd edir. Doğrudur, onun bu cəhdləri bəzən özünü doğrultmur. Rejissor Arbenin obrazının ifaçısı Pyotr Semakın səhnəyə ilk gəlişində həmin obrazın əvvəlki ifaçısı Yuri Yuryevə pozalarında belə bənzəməsini istəsə də, bu, ifaçının tamaşanın ümumi estetik təbiətinə yadlaşdırır, bütövlükdə aktyorun oyun tərzini bəsitləşdirir. Belə ki, onun tərəf-müqabilləri ilə etüd və dialoq ünsiyyətində anlaşılmaz üslub fərqi ortaya çıxır. Bəlkə buna görədir ki, tamaşanın ilk səhnələri bir qədər darıxdırıcı təsir bağışlayır. Amma səhnələr dəyişdikcə, səhnə məkanı müstəvisində rəssam S.Pastuxun uğurlu tərtibatı ilə qurulmuş altdan işıqlandırılan damalı podium üzərində yeri gəldikcə zəmin qatdan qalxıb enən şüşə stəkan-vitrinlərin içərisindən çıxan iştirakçıların oyun temporitmi sayəsində yaranan estetik harmoniya canlı səhnə həyatı yaradır. Bu maskalı adamların müxtəlif maskaları altında gizlədilmiş eybəcər ehtiraslar, iyrənc şəhvətli, kübarlıq qılafında xəyanətlər, böhtanlar, riyakar düşkünlük ekssentrik oyun ritmində, cəmiyyətin mənəvi ovqatı ilə ahəngdarlıq nümunəsi kimi təqdim edilir. Burada müxtəlif təbəqələrin və tiplərin təbiətini ifadə edən maskaları bu və ya digər əməlləri ilə özünüifşanı tezləşdirsələr də, V.Fokin həmin maskaları yırtmağa, faciələr törədən səbəbləri auditoriyaya çatdırmağa tələsir.

Maraqlıdır ki, maskarada bütün ölkənin mövcud həyatını şamil edən rejissor onun, hətta Ninanın ölümündən sonra belə bitmədiyini eyhamlayır. Yəni o yasın belə maskarada mane olmadığını və öz auditoriyasını bu maskaradın nə vaxt bitəcəyi barədə düşünməyə çağırır. Onun bitməsini istəyənlər və istəməyənlər var. Bu zaman ikincilər maskaradın bitməsilə maskaların çıxarılması labüdlüyünün əndişəsini yaşayırlar. Bu halın özünün ekzistensional mahiyyəti tamaşanın konfliktində ehtiva olunur və rejissor müxtəlif səhnə vasitələri ilə estetik-oyun adekvatlığına nail olur.

V.Fokin “Maskarad” pyesinin səhnə zamanı etibarilə 2 saat çəkən bu yeni tamaşasında Meyerholdun ölməz yaradıcılıq ruhunu, bədii-fəlsəfi vurğularla zəngin oyun partiturasını bədii muzey faktı kimi yox, kifayət qədər canlı və təsirli mədəniyyət hadisəsi kimi təqdim etməyə nail olmuşdur. İrəli, Meyerholda tərəf uğurlu istiqamət götürən V.Fokin öz zamanına və olduğu məkana, həmçinin istər sadəcə insana, istərsə də yaradıcılıq əməllərinə intellektual nəzərlərlə o məsafədən baxır, nəyin dəyərli, nəyin dəyərsiz, nəyin mənalı, nəyin mənasız olduğu həqiqətini Konfutsisayağı düşünüb, gələcəyin xatirələrini öz müasirləri ilə bölüşür.

İsrafil İSRAFİLOV
Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor