Ötən illərin filmləri 


“Ötən illərin filmləri” rubrikasında bu dəfə 1965-ci ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “Yenilməz batalyon” bədii ekran əsərindən söz açacağıq. Yazıçı Qılman İlkinin "Qalada üsyan" romanı əsasında lentə alınan film 1905-ci ildə Qara dənizdəki "Potyomkin" zirehli gəmisində üsyan qaldıran və Zaqatala qalasına sürgün edilən matroslarla yerli inqilabçıların Rusiya imperiyasına qarşı birgə mübarizəsindən bəhs edir. Hadisələr 1907-ci ildə Zaqatalada cərəyan edir. Filmin ssenari müəllifi Qılman İlkin, quruluşçu rejissoru Hüseyn Seyidzadədir.

“Yenilməz batalyon” bədii filmi istər peşəkarlıq, istərsə də nəzərdə tutulan dövrün pafosunu özündə əks etdirmək baxımından rejissorun mükəmməl işlərindən biri sayılır. Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə bildirir ki, Hüseyn Seyidzadə filmin çəkilişlərinə başlayarkən onun sənət yanğısı arxasında kövrək bir istək gizlənirdi. O, filmi müəllimi Sergey Eyzenşteynin "Potyomkin” zirehli gəmisi" kino əsərinin davamı kimi görmək arzusunda idi və bu belə də olur. Lakin bu filmi ərsəyə gətirənə qədər rejissor böyük çətinliklərlə qarşılaşır. 1960-cı ildə bəyənilən ssenari 1961-ci ildə istehsal planından çıxarılır. Böyük mübarizələrdən, yazışmalardan, müraciətlərdən sonra film yalnız 1965-ci ildə çəkilib ekranlara buraxılır: “Hüseyn Seyidzadə universal intellektli, işgüzar, zəhmətkeş bir istedad idi. Onun yaratdığı filmlər çox sınaqlardan çıxsa da, ənənəvi qiymətdən, axından seçilən, sıçrayışlı, sərbəstliyə nümunə olan sənət inciləri idi”.

Bədii əsərin mükəmməl ekran həlli

Filmin ssenari müəllifi Qılman İlkin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olmaqla yanaşı, bir çox kinossenarilərin müəllifidir. Müəllifin “Qalada üsyan” tarixi romanında güclü insan xarakterləri və maraqlı talelər yer alıb. “Yenilməz batalyon” bədii filmi də öz təsir gücünə görə əsərin özündən geri qalmır.
Filmin quruluşçu rəssamı Nadir Zeynalov, rəssam assistenti isə Rafiz İsmayılov olub. 1962-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq Texnikumunu bitirdikdən sonra “Azərbaycanfilm” kinostudiyasında işə düzələn R.İsmayılov ilk dəfə “Yenilməz batalyon” filmində quruluşçu rəssamının assistenti olur. Xalq rəssamı filmlə bağlı xatirələrində yazır: “Problemsiz çəkiliş olmur. Hər bir iş zəhmət bahasına başa gəlir. Filmin çəkilişləri əsasən Şəkidə və pavilyonda keçirilirdi. Növbəti çəkilişlər Zaqataladakı həbsxanada olmalı idi, amma çəkiliş etməyə icazə verilmədi. Nadir Zeynalov filmin rəssamı idi. Biz həmin həbsxananı Şəkidə qurduq. Assistent olsam da, o qədər çətin idi ki. Hətta aylarla mən Şəkidə qalmalı olurdum. Filmdə hər şey ssenaridən başlayır. Ssenarini oxuyarkən o hadisələrin iştirakçısı olmalı, özünü o adamların arasında hiss etməli, həmin dövrü bilməli və dərindən öyrənməlisən”. Qeyd etmək yerinə düşər ki, filmdə tanınmış rejissor Şamil Mahmudbəyovun da əməyi var. O, “Yenilməz batalyon”da özünü aktyor kimi sınaqdan keçirib və Qaçaq Əlimərdan rolunu böyük ustalıqla ifa edib.

Teymurun mahnısı

Filmin bəstəkarı Xalq artisti Cahangir Cahangirovun böyük həcmli, mürəkkəb formalı əsərləri ilə yanaşı, musiqi xəzinəmizi zənginləşdirən çoxlu mahnıları da yaddaşlarda əbədi iz salıb. Onun mahnılarında həyatı sevən insanların ürək çırpıntıları, xoş arzuları ifadə edilir. Bəstəkarın hərtərəfli istedadını üzə çıxaran mahnı janrı ona daha çox müvəffəqiyyət gətirib. Cahangir Cahangirovun bu filmdə “Teymurun mahnısı”, “Koroğlu” bədii filmində “Xanəndə qızın mahnısı”, “Dəli Kür”də “Ana Kür” və “Bayatılar” mahnıları sonradan müstəqil musiqi əsəri kimi böyük sənət ömrü qazanıb.
Filmdə yaddaqalan obrazlardan biri də Teymurdur. Bu rolu mərhum aktyor Ceyhun Mirzəyev oynayıb. C.Mirzəyevin yaradıcılıq bioqrafiyası erkən yaşlarından başlayıb, o vaxtadək bir neçə filmdə yaddaqalan obrazlar yaratmışdı.
“Yenilməz batalyon” filminin çəkildiyi dövrdə o, Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsinin tələbəsi idi və filmlərdə də məharətlə çəkilirdi. Filmdə “Teymurun mahnısı”nı görkəmli xanəndə İslam Rzayev oxuyub.
Həmin dövrdə filmdə çalışan insanlardan biri də bu gün rejissor kimi yaxşı tanınan Rafiq Dadaşovdur. O, 1963-cü ildə "Azərbaycanfilm" kinostudiyasında fəhlə olaraq işə qəbul edilib, 1964-cü ildən rejissor köməkçisi kimi fəaliyyət göstərməyə başlayıb. “Yenilməz batalyon” onun ilk böyük işi olub.
Rafiq Dadaşov bildirir ki, filmin əsas natura çəkilişləri Şəkidə gerçəkləşib. Bəzi səhnələr isə Oğuz və Xanabadda (final səhnəsi) ekranlaşdırılıb. Rejissor müsahibələrinin birində deyir: “1964-cü ilin sentyabr ayı idi, bütün heyətlə Şəkiyə yollandıq. Təsəvvür edə bilməyəcəyiniz qədər güclü yağış yağmağa başladı. Gözləməli olduq, bir gün, iki gün... bu yağış kəsən deyil. Qərara gəldik ki, Bakıya qayıdıb pavilyon çəkilişlərini həyata keçirək. Bu gecikmələr səbəbindən filmin çəkilişləri bir ildən çox vaxt aldı. Böyük səhnələrdən olan ev tikilməsi, işçilərin yük daşıması, kazarma, dərzi Yusifin evi pavilyonda qurulmuş səhnələr idi. Bakıdakı pavilyon çəkilişlərini bitirdikdən sonra yenidən Şəkiyə yollandıq. Əsas səhnələr Şəkidəki qalanın (həbsxananın) ətrafında reallaşdırıldı”. Filmdəki dava səhnəsində çəkilənlər isə əsl idmançılar olub. Eyni zamanda Azərbaycan hərbi dairəsinin hissələri də çəkilişlərdə iştirak ediblər.

Yarımçıq qalan operator işi

Filmin çəkilişləri operator Xan Babayevə həvalə edilmişdi. Lakin amansız xəstəlik operatora bu işdə sona qədər iştirak etməyə macal vermir. Bir il sonra isə görkəmli operator dünyasını dəyişir. Çəkilişləri Rasim İsmayılov davam etdirir. Filmdə Anatoli Yurçenko, Vladimir Yemelyanov, Pavel Vinnik kimi çoxlu rus aktyorları da rol alıb.
Baş qəhrəmanlardan birini - Xavər obrazını canlandıran azərbaycanlı aktrisa, Rusiyanın Xalq artisti Tamilla Ağamirova isə hazırda Moskva şəhərində yaşayır. 12 filmdə çəkilən aktrisa kino karyerasına son verərək yaradıcılığını teatrda davam etdirir. SSRİ Xalq artisti, tanınmış kinorejissor, aktyor, müğənni və rəqqas Nikolay Sliçenko ilə ailə quran Tamilla xanım uzun müddət "Romen" teatrında çalışıb. Filmdə həmçinin İsmayıl Osmanlı, Müxlis Cənizadə, İsanbet Prozat, Valentin Kulik, Ofeliya Məmmədzadə, Mixail Puqovkin, Hüseynağa Sadıqov, Zoya Çekulayeva və başqa tanınmış sənətkarlar çəkiliblər. “Yenilməz batalyon” görkəmli aktyor Muxtar Avşarovun kinoda ilk debütü olub.

Qəhrəmanların real həyatı

1803-cü ildə Zaqatala qəzası Rusiyanın tərkibinə daxil edildikdən sonra ərazinin hərbi-strateji əhəmiyyətini nəzərə alan çar hökuməti burada qala tikdirmək qərarına gəlir. Qala Cənubi Qafqazda olan rus qoşunlarının komandanı general İvan Paskeviçin göstərişi və nəzarəti altında 1804-1830-cu illər arasında tikilir.
Çar hökuməti qalanı tikməkdə iki məqsəd güdürdü. Birincisi, yerli əhalinin üsyanlarının yatırılmasında qaladan sığınacaq kimi istifadə etmək, ikincisi isə Şimali Qafqazı işğal edərkən buradan hərbi dayaq məntəqəsi kimi yararlanmaq. Beləcə, Şeyx Şamil hərəkatı dövründə və Zaqatala üsyanının yatırılması vaxtı bu qala rus ordusunun düşərgəsi və başlıca hərbi məntəqəsi olur. Şeyx Şamil hərəkatı yatırıldıqdan və Şimali Qafqaz Rusiyaya birləşdirildikdən sonra qala özünün hərbi əhəmiyyətini itirir. Ancaq belə bir qalanın Rusiyanın mərkəzindən çox uzaqda olması çar II Nikolayın yadından çıxmamışdı. Rusiyada 1905-1907-ci illər inqilabı zamanı “Potyomkin” gəmisində üsyan edən matrosların cəzalandırılması üçün Zaqatala qalası münasib hesab edilmişdi. 400 üsyançı matros qalaya salınmışdı. Qalada saxlanılan matrosların inqilabi fəaliyyəti barədə tarixdə kifayət qədər məlumat var. Görkəmli yazıçı Qılman İlkinin də real faktlar əsasında qələmə aldığı “Qalada üsyan” romanında və filmdə adları çəkilən qəhrəmanların əksəriyyəti real tarixi şəxsiyyətlərdir...

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar