Nəsimi festivalı çərçivəsində daha iki sənət layihəsinə yekun vurulub
Xəbər verdiyimiz kimi, “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksində artıq dördüncü dəfə keçirilən “Daşın nəğməsi” adlı beynəlxalq heykəltəraşlıq simpoziumu bu il 650 illik yubileyi qeyd olunan mütəfəkkir şair İmadəddin Nəsimiyə həsr edilib.
Sentyabrın 30-da layihə çərçivəsində yaradılan əl işlərinin təqdimatı olub. Dördüncü simpoziumda səkkiz ölkədən (Azərbaycan, Rusiya, Rumıniya, Belarus, Çin, İran, Latviya, Bolqarıstan) 11 heykəltəraş iştirak edib.
Onlar aqlay daşından Nəsimi yaradıcılığına həsr olunan heykəl nümunələri yaradıblar.
Simpoziumda ilk dəfə iştirak edən iranlı heykəltəraş Səid Əhmədi bildirib ki, layihəyə Nəsimi yaradıcılığından bəhrələnərək ərsəyə gətirdiyi “Uçmaq üçün qanad” əsəri ilə qatılıb.
Belaruslu heykəltəraş Aleksey Vrublevski vurğulayıb ki, o, Nəsimi yaradıcılığı ilə yaxından tanışdır. Şairin qəzəlləri onda xoş təəssürat yaradıb: “Mən bu tədbirə birinci dəfədir qatılıram. Nəsimi yaradıcılığı ilə tam vəhdət təşkil edən “Məndə sığar iki cahan” əsərinin meydana gəlməsinə çalışdım”.
Dünyanın bir çox ölkələrində belə simpoziumlarda iştirak etdiyini deyən rusiyalı heykəltəraş Nikolay Karlıxanov isə bildirib ki, Nəsimi yaradıcılığı onu “Emanasiya” adlı sənət əsəri yaratmağa sövq edib.
Qeyd edək ki, “Daşın nəğməsi” heykəltəraşlıq simpoziumu 2016-cı ildən keçirilir.
***
Sentyabrın 30-da Nəsimi festivalı çərçivəsində Qala qəsəbəsində “Açılan divarlar” ictimai incəsənət layihəsinin də təqdimatı olub. Təqdimat mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.
Layihədə yeddi əcnəbi və iki yerli qrafit-rəssamı köhnə sənaye anbarı üzərində divar rəsmləri yaradıblar.
Bildirilib ki, layihə çərçivəsində Azərbaycan, Braziliya, Cənubi Afrika, İspaniya, Niderland və Fransadan olan rəssamların “urban/street art” (şəhər/küçə incəsənəti) janrında yaratdıqları əsərlər, Buzovna və Mərdəkan qəsəbələrindən olan yaradıcı uşaqların rəsmləri əsasında divar pannosu da nümayiş olunur.
Əsas məqsəd yalnız məşhur rəssamların işlərini göstərmək deyil, həmçinin yerli istedadları da bu layihəyə cəlb etmək olub.
Qeyd edilib ki, Nəsimi festivalı çərçivəsində bu il həm də uşaq evləri və internat məktəblərinin sakinləri və məzunlarının iştirakı ilə “Ümidin yaradılması” sosial-mədəni layihəsi də həyata keçirilib. Layihə üzrə dizayn kurslarına cəlb olunmuş 30 iştirakçı öz arzularını təsvir vasitəsilə əks etdirib və onların əl işləri sonra köynəklər üzərinə köçürülüb.
Sonra qonaqlar hər iki layihə ilə tanış olublar.