Ənənəvi olaraq payız mövsümündə beynəlxalq festival və sərgilərə, müxtəlif mədəniyyət layihələrinə, sənət təqdimatlarına ev sahibliyi edən paytaxtımızın oktyabr ayının sənət mənzərəsi də çox rəngarəngdir.
Bu ay Bakıda daha iki beynəlxalq incəsənət layihəsi – M.A.P. Teatr Festivalı və Bakı Caz Festivalı gerçəkləşəcək. Paytaxtımız Rusiya Federasiyasının mədəniyyət günləri çərçivəsində qonşu ölkənin incəsənət təmsilçilərini qəbul edəcək. Teatr-konsert müəssisələrinin repertuarı da zəngindir. Muzey və sərgi salonları, digər mədəniyyət məkanları da maraqlı layihələr hazırlayıblar.
Ölkəmizə təşrif buyuran qonaqlara bütün bu yenilikləri çatdırmaq, onları Azərbaycanın mədəni irsi və incəsənət həyatı barədə dolğun şəkildə məlumatlandırmaq xüsusi önəm kəsb edir. Bu məqsədlə nəşr olunan “Culture Guide” mədəniyyət bələdçisinin yeni – oktyabr sayı çapdan çıxıb.
Hər ay ingilis və rus dillərində hazırlanaraq nəşr olunan “Culture Guide” bələdçisinin ənənəvi təqdimat yazısında Azərbaycanın tarixi-mədəni irsi diqqətə çatdırılır, müsəlman Şərqində ilk peşəkar teatrın, kinematoqrafın, operanın ölkəmizdə yarandığı vurğulanır.
“Musiqi bizi birləşdirdi...” başlıqlı yazıda ötən ay Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən Üzeyir Hacıbəyli festivalından bəhs olunur, 11 ölkədən musiqiçilərin qatıldığı festivalın 13 gün ərzində sənətsevərlərə unudulmaz təəssürat bəxş etdiyi bildirilir.
10-20 oktyabr tarixində gerçəkləşəcək 3-cü M.A.P. (Musiqi. İncəsənət. Performans) Teatr Festivalı və oktyabrın 18-dən 27-dək davam edəcək Bakı Caz Festivalı da müxtəlif ölkələrdən yaradıcı truppaları, musiqi kollektivlərini və məşhur ifaçıları bir araya gətirəcək. Bu il Bakı Caz Festivalı “Daha çox caz, daha çox intellekt” şüarı altında keçirilir və konsert proqramları şəhərin müxtəlif səhnələrində təşkil olunacaq. Mədəniyyət bələdçisinin müvafiq bölmələrində hər iki festivalın tədbirləri barədə ətraflı – günbəgün afişa-məlumatlar verilib.
Oktyabr ayında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 yaşı tamam olur. Ölkə başçısının müvafiq sərəncamına əsasən, mədəniyyət tariximizin bu əlamətdar yubileyi təntənəli şəkildə qeyd olunacaq. “Culture Guide” bələdçisində də ilk dövlət teatrımızın keçdiyi sənət yolundan bəhs olunur.
Kataloqun hər sayında ölkəmizin dünya mədəniyyət xəzinəsinə töhfələri, paytaxtla yanaşı, regionlarımızdakı mədəni irs nümunələri barədə yazılar dərc edilir. Nəşrin oktyabr buraxılışında UNESCO-nun siyahısında yer alan milli xalça sənəti, Azərbaycan aşıq sənəti, çövkən oyunu və “Yallı” xalq rəqsi barədə ingilis və rusdilli oxuculara məlumat verilir. “Keçmişin abidələri – tarixin izləri” başlıqlı yazıda isə Azərbaycanın qədim abidələr diyarı olduğu qeyd edilir, tarixi abidələrin mühafizəsi və bərpası ilə bağlı görülən işlərdən söz açılır.
Nəşrdə bu ayın əlamətdar hadisələr təqviminə də nəzər salınıb və 18 Oktyabr – Dövlət Müstəqilliyi Günü haqqında yazı dərc olunub.
“Culture Guide”ın yeni buraxılışında ənənəvi olaraq Bakıdakı mədəniyyət müəssisələri haqqında təqdimat-tanıtma səciyyəli informasiyalar, teatr və konsert müəssisələrinin repertuarı, digər mədəniyyət ocaqlarının, qalereyaların, əyləncə məkanlarının bu ay üçün maraqlı tədbirləri diqqətə çatdırılır. Bundan əlavə, hər zaman xarici qonaqları cəlb edən tarixi-mədəni məkanlar – Qobustan qoruğu, İçərişəhər, Atəşgah məbədi və Yanardağ haqqında məlumatlar, turistlər üçün ölkəmizlə bağlı xatirə hədiyyəsi seçiminə dair faydalı tövsiyələr də nəşrdə yer alıb.
Mədəniyyət bələdçisində hər ay Azərbaycanın tanınmış rəssamlarının əsərlərinin reproduksiyası verilir. Bu dəfə “Culture Guide”ın 1-ci səhifəsində Xalq rəssamı Toğrul Nərimanbəyovun məşhur “Muğam” tablosu əks olunub.