Bakı Marionet Teatrı Xorvatiyanın paytaxtı Zaqrebdə “Leyli və Məcnun” tamaşasını göstərib. Təqdimat Azərbaycanın Xorvatiyadakı səfirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Xorvatiya Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşıb.
Zaqreb Kukla Teatrında tamaşanın nümayişindən öncə ölkəmizin Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov çıxış edərək Bakı Marionet Teatrının kollektivini ötən həftə Fransanın Şarlevil-Mezyer şəhərində beynəlxalq festivalda uğurlu iştirak münasibətilə təbrik edib.
Səfir Azərbaycan ilə Xorvatiya arasında əlaqələrin yüksək səviyyədə olduğunu deyib, Prezident İlham Əliyevin 2018-ci ildə Xorvatiyaya rəsmi səfəri çərçivəsində imzalanmış mədəni əməkdaşlığa dair proqramın icrası ilə bağlı hər iki ölkədə silsilə mədəni tədbirlərin keçirildiyini diqqətə çatdırıb.
Sonra Bakı Marionet Teatrının truppası Məhəmməd Füzulinin eyniadlı poeması və Üzeyir Hacıbəylinin operası əsasında ərsəyə gətirilmiş tamaşanı təqdim ediblər. Aktyorların idarəsi ilə marionet kuklaları faciəli məhəbbət əfsanəsi olan “Leyli və Məcnun”un qəhrəmanlarını təkraredilməz şəkildə canlandırıblar.