Çinin Haynan şəhərində sentyabrın 28-də “Ecazkar Asiya – Asiya sivilizasiyaları” adlı sərgi açılıb.
Çin Xalq Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Milli Mədəni İrs Administrasiyası və Çin Bədii Sərgilər Təşkilatının keçirdiyi tədbirdə Azərbaycan stendi də təqdim edilir. Burada ölkəmizə aid xalçalar, xalça məmulatları, milli geyimlər, zərgərlik və musiqi alətləri nümayiş olunur. Eksponatlar Azərbaycan Milli Xalça Muzeyi və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə sərgilənir.
Çin Xalq Respublikasının 70 illiyinə həsr edilən sərgi 2020-ci il yanvarın 5-dək davam edəcək.
Qeyd edək ki, “Ecazkar Asiya – Asiya sivilizasiyaları” sərgisi ilk dəfə bu ilin may–avqust aylarında Pekin şəhərində Çin Milli Muzeyində təşkil olunub. Burada 22 Asiya ölkəsinin, o cümlədən Azərbaycanın dünya mədəniyyətinə töhfə sayılan eksponatları təqdim edilib. Üç ay davam edən sərgini iki milyondan çox qonaq ziyarət edib.