Bakıda Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikasının mədəniyyət günləri keçirilib.
Açılış tədbiri Rusiya İnformasiya Mədəniyyət Mərkəzində (RİMM) təşkil olunub.
Burada Rusiyanın ölkəmizdəki səfirliyinin müşaviri, “Rossotrudniçestvo” nümayəndəliyinin rəhbəri Valentin Denisovun Qaraçay-Çərkəz Respublikasının Mədəniyyət naziri Ramazan Borokovla görüşü olub.
Sonra Qaraçay-Çərkəz Respublikasının “Elbrus” Dövlət Rəqs Ansamblının (bədii rəhbər İsmayıl Bayramkulov) və solistlərin Rusiya və Azərbaycan xalqlarının dillərində ifaları təqdim olunub.
Oktyabrın 7-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında sərgi və konsert proqramı təşkil edilib.
Tədbirə qatılanlar Qaraçay-Çərkəz xalqlarının mədəni irsini əks etdirən əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov çıxış edərək iki ölkə arasında mövcud olan mədəni əlaqələrdən danışıb. Bildirib ki, Qaraçay-Çərkəz xalqının mədəniyyətini nümayiş etdirən “Elbrus” Dövlət Rəqs Ansamblının çıxışı bu münasibətlərə daha bir töhfə olacaq.
Ölkəmizdə onlara göstərilən xoş münasibətdən məmnunluğunu ifadə edən Qaraçay-Çərkəz Respublikasının Mədəniyyət naziri Ramazan Borokov bildirib ki, ansambl dünyanın bir çox ölkələrində çıxış etsə də, burada insanlardan aldığı hərarəti heç zaman unutmayacaq.
Konsertdə “Biz Elbrus dağının ətəyində yaşayırıq” xoreoqrafik kompozisiyası, “Muradım” və “Qafqaz” mahnıları, “Xəncər” və digər rəqslər ifa olunub.