Oktyabrın 8-də Azərbaycan Milli İncəsənət Muzeyində “Sənədlərlə Osmanlı dövləti və Azərbaycan xanlıqlarının münasibətləri” adlı sərginin açılışı oldu.

Sərgi Mədəniyyət Nazirliyi, Türkiyə Respublikası Prezident Aparatı yanında Dövlət Arxivləri Baş İdarəsi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Azərbaycan Milli İncəsənət Muzeyi və Bakı Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə reallaşıb.

Açılışdan öncə Milli İncəsənət Muzeyinin direktor müavini Xədicə Əsədova çıxış edərək sərginin əhəmiyyətindən danışdı. O, sərginin Azərbaycanın dövlətçilik tarixi ilə bağlı olduğunu deyərək bildirdi ki, dünyanın bir sıra ölkələrinin arxivlərində tariximizlə bağlı sənədlər yer almaqdadır. Bugünkü sərgidə isə Türkiyənin Dövlət Arxivləri Baş İdarəsində qorunan, Osmanlı dövləti ilə Azərbaycanın xanlıqları arasındakı münasibətləri əks etdirən məktub, əmr, fərman və hədiyyə təqdimatlarının yer aldığı 30 sənədin surəti nümayiş olunur. 1713-cü ildən başlayaraq XIX əsrin ortalarına qədər dövrü əks etdirən sənədlər bu gün Azərbaycana gətirilib.

Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Cihan Özdemir sərginin heç də asan ərsəyə gəlmədiyini bildirdi: “Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan və Türkiyə əlaqələrinin tarixi qədimdir. İnanıram ki, sərgi əsrlərdən gələn dostluq və qardaşlıq münasibətlərinin daha da inkişafına öz layiqli töhfəsini verəcək”.

TİKA-nın rəhbəri Teoman Tiryaki ölkəmizdəki fəaliyyətlərindən bəhs etdi, Azərbaycan-Türkiyə dostluq münasibətlərinin inkişafına rəhbəri olduğu qurumun töhfəsindən məmnun olduğunu qeyd etdi.

Türkiyə Respublikası Prezident Aparatı yanında Dövlət Arxivləri Baş İdarəsinin rəisi Uğur Ünal isə arxivlərin son dərəcə əhəmiyyətli məlumatlarla zəngin olduğunu söylədi: “Azərbaycanla Türkiyə arasındakı əlaqələr tarix boyu ən önəmli şəkildə arxivlərdə qeyd edilib. İstər Azərbaycan, istər Türkiyə arxivlərində iki dövlət arasında münasibətlərdən bəhs edən çox vacib sənədlər yer alır. Türkiyədə xüsusilə Osmanlı dövlətindən qalma arxivlər təkcə Anadolu coğrafiyasını deyil, dünyanın 40-dan çox dövlətinin arxivini özündə birləşdirir. Bizim arxivlərdə Azərbaycan ilə Osmanlı dövləti arasında münasibətləri əks etdirən minlərlə sənəd yer alır. Bugünkü sərgidə onlardan yalnız 30-u nümayiş olunur. Biz bu əlaqələri daha da dərinləşdirməliyik, çünki arxivlərimizdə hələ öyrənilməmiş minlərlə sənəd var. Sərginin tarixi əlaqələrimizi anlamaq məsələsində faydalı olacağına inanıram”.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral nümayiş olunan sənədlərin Azərbaycan xanlıqlarının Osmanlı dövləti ilə sıx əlaqələrinə əyani sübut olduğunu vurğuladı. Qeyd etdi ki, İrəvan xanlığı və Qarabağ tarixən türklərin yaşadıqları torpaqlar olub: “Əlimizdəki sənədlər keçmişdə də Türkiyə ilə Azərbaycan arasında çox yaxın münasibətlərin olduğunu göstərir”.

Sonra qonaqlar sərgi ilə tanış oldular.

FARİZ