Nyu-Yorkdan Moskvayadək
Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı silsilə tədbirlər, ölkəmizin hər yerində olduğu kimi, onun hüdudlarından kənarda da davam edir. Bəşəri ideyaları ilə cahana sığmayan mütəfəkkir şairin söz işığının sərhədi də yoxdur.
Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbirlərdən biri ABŞ-ın Nyu-York şəhərində keçirilib. Burada Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə konsert proqramı təşkil edilib.
Konsertdən əvvəl tanınmış azərbaycanlı pianoçu, beynəlxalq müsabiqələr laureatı, Nyu-Yorkda Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin yaradıcısı və rəhbəri Nərgiz Əliyarova Nəsimi dühası haqqında və “Nəsimi ili” mövzusunda çıxış edib.
Konsertdə “Amerika Muğam Cəmiyyəti”nin sədri Cefri Verbakın Azərbaycanın tar və kamança alətlərində muğam ifa etməsi böyük maraqla qarşılanıb.
Proqramda Azərbaycanın istedadlı pianoçusu, respublika və beynəlxalq müsabiqələr laureatı Fəqan Həsənlinin solo ifasında Üzeyir Hacıbəylinin “Cəngi”, Firəngiz Əlizadənin “Sonata” və digər əsərlər səslənib.
Bəstəkar İlahə İsrafilovanın “The world of Nasimi” kompozisiyası da dinləyicilər tərəfindən alqışlarla qarşılanıb.
Həmçinin tədbirdə amerikalı soprano Shenika John Jordan tərəfindən Nəsiminin qəzəlləri və onun qəzəllərinə yeni yazılmış romanslar, N.Əliyarovanın ifasında Q.Qarayevin “Yeddi gözəl” baletindən parça, F.Sücəddinovun “Vətən” balladası və s. əsərlər səsləndirilib.
Nyu-Yorkda Nəsiminin 650 illik yubileyinə həsr olunmuş konsert proqramı Azərbaycan mədəni irsinin dünyada təbliğinə daha bir əlamətdar töhfə olub.
***
Avropanın və dünyanın nüfuzlu telekanalı olan “Euronews” bu günlərdə (28 sentyabr – 1 oktyabr) ölkəmizdə keçirilən Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı haqqında geniş reportaj yayımlayıb.
Reportajda Şərqin dahi şair və mütəfəkkirinin yaradıcılığına həsr edilən festivalın Azərbaycanda ikinci dəfə təşkil olunduğu bildirilir. Vurğulanır ki, genişmiqyaslı tədbirin proqramı müxtəlif sənət növləri və bilik sahələrini əhatə edir: sənətçilər, filosoflar, musiqiçilər və müxtəlif ölkələrin qiraətçiləri Bakıda bir araya gəlib.
Reportajda yeni kitabını təqdim edən alman yazıçısı və Nəsimi sənətinin tədqiqatçısı Mixael Hess, eləcə də Fransa, Çin və Almaniyadan olan musiqiçilərin fikirlərinə də yer ayrılıb.
***
Almaniyanın “Zitty” internet portalı isə ötən ay (11 sentyabr) Berlində Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə gerçəkləşən “650 Jahre Imadeddin Nasimi” adlı konsertdən bəhs edib. Məqalədə azərbaycanlı muğam ifaçıları Teyyub Aslanov və Mütəllim Dəmirov, soprano Afaq Abbasovanın Nəsiminin əsərləri əsasında hazırlanmış musiqi nömrələrini ifa etmələri barədə məlumat verilir. Nəsiminin əsərlərində insan, bəşəriyyət və məhəbbət mövzularının xüsusi yer tutduğu vurğulanır. Konsertdə Azərbaycan bəstəkarları Firəngiz Əlizadə, Cəlal Abbasov, Aliyə Məmmədova, Firudin Allahverdi, Səid Qəni və Tahir İbişovun əsərlərinin səsləndirildiyi diqqətə çatdırılır.
***
Moskvadakı Ədiblər Evində dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə rus dilində çap edilmiş “İ stal Putyom İstinı ya sam” (“Özüm də Həqiqət Yolu oldum”) kitabının təqdimatı olub.
Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən hazırlanan kitab Moskva Yazıçılar Birliyinin “U Nikitskix Vorot” nəşriyyatında çapdan çıxıb. Şairin 200-ə yaxın qəzəl, rübai, qəsidə, məsnəvi, tərcibəndlərinin yer aldığı kitabın tərtibçisi və ön söz müəllifi Püstə Axundovadır.
Təqdimat mərasimində Azərbaycan Dövlət Tərcümə Mərkəzinin əməkdaşı Etimad Başkeçid çıxış edərək Prezident İlham Əliyevin sərəncamı ilə Nəsiminin 650 illik yubileyinin dövlət səviyyəsində qeyd olunduğunu bildirib, kitabın Moskvada təqdim edilməsi münasibətilə mərkəzin sədri, Xalq yazıçısı Afaq Məsudun təbriklərini çatdırıb.
Petrovsk Elm və İncəsənət Akademiyasının (PEİA) vitse-prezidenti Valeri İvanov-Taqanski 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsini əlamətdar hadisə adlandırıb. Azərbaycan Dövlət Tərcümə Mərkəzi ilə əməkdaşlıqdan söhbət açan V.İvanov-Taqanski xatırladıb ki, 2015-ci ildə Moskvada “Müasir Azərbaycan ədəbiyyatı antologiyası” ikicildliyinin də təqdimatı keçirilib. “Mən həmin antologiyaya daxil olan kitablara ön söz yazmışam. Azərbaycan mədəniyyəti və ədəbiyyatı mənə tanış və doğmadır. Azərbaycanda mənim “Zəfər və ilğım” kitabım tərcümə edilib, hekayələrim dərc olunub”, - deyə o vurğulayıb.
Filologiya elmləri namizədi Aleksandr Rudnev Nəsiminin həyat və yaradıcılığından danışıb, böyük şairin irsini Şərq xalqlarının mədəni sərvəti adlandırıb.
Azərbaycan Yazıçılar Birliyi Moskva bölməsinin katibi, şair və tərcüməçi Afaq Şıxlı böyük şairin fəlsəfi baxışlarından söhbət açıb, Nəsiminin “Hardasan” qəzəlinə nəzirəsini səsləndirib.
Azərbaycan Yazıçılar Birliyi Moskva bölməsinin sədri Abuzər Bağırov, kitabın tərtibçisi Püstə Axundova, fəlsəfə doktoru, şair Maya Bədəlbəyli, şair Sultan Mərzili və başqaları mütəfəkkir şairin dərin poetik fikirləri, fəlsəfi görüşləri, dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisinə çevrilmiş müstəsna əhəmiyyətli ədəbi irsindən danışıblar.
Moskva Dövlət Pedaqoji Universiteti Filologiya fakültəsinin tələbələri Nəsiminin fəlsəfi dünyasından söz açıb, şairin əsərlərini oxuyublar.
Universitetin tələbəsi Anna Danilova bildirib ki, Nəsimi poeziyası insan qəlbində sözə, sənətə ehtiram, özünə hörmət, insanlara sonsuz sevgi hissləri oyadır: “Nəsimini oxuyarkən bir daha əmin oldum ki, Şərq poeziyası sonsuz müdriklik xəzinəsidir. Mənim üçün Nəsimi poeziya peyğəmbəridir. Mən onu dahi rus şairi Puşkinlə müqayisə edə bilərəm”.
Tədbirdə “Katyuşa” teatr məktəbinin üzvü Ruslan Əkbərov Müslüm Maqomayevin “Azərbaycan” mahnısını ifa edib. Məktəbin rəqs qrupunun ifasında Azərbaycan rəqsləri təqdim olunub.