Mətbuat Şurasının növbəti sənədli filmi Ceyhun Hacıbəyliyə həsr olunub
Azərbaycan Mətbuat Şurasının “Milli mətbuatımız - istiqlal yolumuz” silsiləsindən növbəti sənədli filmi görkəmli ictimai xadim, yazıçı, jurnalist və tərcüməçi Ceyhun Hacıbəyliyə həsr olunub.
Şuradan bildiriblər ki, “Durun gedək evimizə...” filminin ilk nümayişi “Azərbaycan milli mətbuatı - 140: inkişaf yolu və müasir dövrün çağırışları” adlı konfrans çərçivəsində Qəbələdə reallaşıb.
Filmi dövlət rəsmiləri, Mətbuat Şurası idarə heyətinin üzvləri, kütləvi informasiya vasitələrinin rəhbərləri, yerli ictimaiyyətin və mətbuat orqanlarının nümayəndələri izləyiblər.
Filmdə Ceyhun Hacıbəylinin həyat yolunun spesifik cəhətlərindən, onun Azərbaycanda milli özünüdərk proseslərindəki xidmətlərindən, ictimai xadim, yazıçı və jurnalist kimi fəaliyyətindən bəhs olunub. Bu zaman yerli və xarici ölkələrdəki arxivlərin materiallarına istinad edilib.
Qeyd edək ki, “Durun gedək evimizə...” filminin layihə rəhbəri Mətbuat Şurasının sədri Əflatun Amaşov, ideya rəhbəri qurumun idarə heyətinin üzvü, Milli Məclisin deputatı Cavanşir Feyziyev, ssenari müəllifi isə tanınmış telejurnalist Bəxtiyar Qaracadır.