Argentina Respublikasının Azərbaycandakı səfiri Sergio Perez Gunella və səfirin mədəniyyət məsələləri üzrə müavini Korina Beatriz oktyabrın 8-də Azərbaycan Milli Kitabxanasında olublar.
Direktor Kərim Tahirov qonaqları salamlayaraq onların Milli Kitabxanaya gəlişindən məmnunluq duyduğunu bildirib.
Görüş zamanı hər iki ölkənin milli kitabxanaları arasında əlaqələrin qurulmasının vacibliyi qeyd olunub.
Səfir Azərbaycan Milli Kitabxanası ilə Argentina Milli Kitabxanası arasında anlaşma memorandumunun imzalanması ilə bu əlaqələrin daha da inkişaf etdiriləcəyini bildirib.
Kərim Tahirov bildirib ki, anlaşma memorandumu razılaşdırılıb və imzalanmaq üçün hazırdır. Memorandumda kitab, informasiya, mütəxəssis və təcrübə mübadiləsi, həmçinin qarşılıqlı tədbirlərin keçirilməsi kimi məsələlər əksini tapıb.
Səfir daha sonra müəlliflik hüquqları və elektron resursların tənzimlənməsi ilə maraqlanıb. Kərim Tahirov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən, ölkə ərazisində nəşr olunan bütün çap məhsullarının elektron versiyalarının da Milli Kitabxanaya veriləcəyini və bununla da elektron kitabxananın daha da zənginləşəcəyini bildirib.
Bu resurslar “Müəlliflik hüquqları və əlaqəli hüquqlar haqqında” qanuna uyğun şəkildə Milli Kitabxananın saytında yerləşdiriləcək və istifadəçilər üçün əlçatan olacaq.
Daha sonra qonaqlar Milli Kitabxanada iş prosesi ilə tanış olublar, o cümlədən “Açıq kitabxana”ya da baş çəkiblər. Səfir xatirə kitabına ürək sözlərini yazıb.