Azərbaycan mədəniyyətinə itki üz vermişdir. Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru Aleksey Saprıkin oktyabrın 7-də ömrünün 64-cü ilində vəfat etmişdir.

Aleksey Alekseyeviç Saprıkin 18 avqust 1955-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1972-1975-ci illərdə S.M.Şteynberqin, 1980-1982-ci illərdə C.Səlimovanın teatr studiyalarında staj keçmiş, 1991-1992-ci illərdə Bakı Kamera Teatrında aktyor işləmişdir.

1992-ci ildə Aleksey Saprıkin könüllü olaraq cəbhəyə yollanmış, operativ kəşfiyyat bölümündə baş leytenant hərbi rütbəsi almış, 1996-cı ildə ehtiyata buraxılmış, 1997-2000-ci illərdə Azərbaycan Dövlət Texniki Universitetinin Hərbi kafedrasında müəllim vəzifəsində çalışmışdır.

A.Saprıkin 2000-2009-cu illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, daha sonra isə ömrünün sonunadək Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında aktyor kimi fəaliyyət göstərmişdir. O, Akademik Rus Dram Teatrının səhnəsində müxtəlif səpkili rəngarəng obrazlar qalereyası yaratmışdır.

İstedadlı aktyor və gözəl insan Aleksey Saprıkinin əziz xatirəsi sənətsevərlərin və onu tanıyanların qəlbində əbədi yaşayacaqdır.

Allah rəhmət eləsin.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi

Azərbaycan Teatr Xadimləri İttifaqı

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı