Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki Mərdəkan Mədəniyyət sarayında böyük şair İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib. Tədbir Yazıçılar Birliyinin üzvü, şairə Gülarə Munis və xeyriyyəçi Hacı İntiqam Atayevin təşkilatçılığı ilə gerçəkləşib.
Əməkdar artist Əli Nurun aparıcısı olduğu tədbirdə əvvəlcə görkəmli rejissor Həsən Seyidbəylinin Xalq yazıçısı İsa Hüseynovun ssenarisi əsasında çəkdiyi “Nəsimi” filmindən fraqment təqdim olunub.
Baş rolun ifaçısı Xalq artisti Rasim Balayev 45 il öncəyə dönərək xatirələrini bölüşüb. Sənətkara gənc rəssam Mələk Şəfiyevanın işlədiyi portreti hədiyyə edilib.
Ədəbi-bədii kompozisiya – söz-sənət xiridarlarının Nəsiminin hüzuruna təşrif buyuraraq şeirdə, musiqidə öz məharətlərini göstərmələri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Tanınmış musiqişünas, professor Abbasqulu Nəcəfzadənin həm bir neçə musiqi alətində ifası, həm də Nəsiminin bütün muğamlar barədə bilgi verən qəzəlini söyləməsi alqışlarla müşayiət edilib.
Professorlar Lalə Əlizadə, Təvəkkül Səlimov, fəlsəfə doktoru Dilarə Ağamusa, tədqiqatçı Soltan Əlizadə, qəzəlxan Yaşar Cahid, “Zərif beytlər” ədəbi məclisinin sədri Mahirə Nərimanqızı və başqaları çıxış edərək Nəsimi irsi və müasir gəncliyin ona münasibəti, klassik ədəbiyyatımızın təbliğindən bəhs ediblər.
Musiqiçilər Məmməd Nəcəfov (xanəndə), Murtuza Əsədullayev (tar), Kamil Aslanov (kamança), Xasay İsmayılov (xanəndə), Elmar İsmayılov (tar), Bəhruz Qasımov (kamança), Bəhram (ney), Behrud (ud) Nəsimi işığına toplaşanlara nəğmə payı ərməğan ediblər. Ədəbi-bədii kompozisiyada həmçinin istedadlı qəzəlxan Cəsur Narinin tələbələri və məktəbli Əli Əliskəndəroğlu çıxış edib.